Azərbaycanın xalq artisti və kinorejissor Həsən Seyidbəylinin 90 illik yubileyi münasibətilə kino-gecə

23.12.2010

Akt Zalı
Vaxt: 17:00
Təşkilatçı: Dövlət Film Fondu

“Yaradıcılıq hər şeydən əvvəl zəhmətdir, dərin, maraqlı müşahidələr, yuxusuz gecələr, tez-tez təəssüflənmək, azca sevinmək deməkdir… Sonra yenə axtarışlar, gərgin, əzablı axtarışlardır əsl yaradıcılıq”.
Bu sözlərin müəllifi olan görkəmli Azərbaycan kinorejissoru, kinodramaturq, ssenarist Həsən Seyidbəyli bütün yaradıcılığı boyu Azərbaycan kino salnaməsinə qiymətli sənət incilərini bəxş etdi.
H.Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda anadan olmuşdur. O, 1938-39-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatoru fakültəsində bir il oxumuş, 1943-cü ildə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsini, əvvəlcə S.Eyzenşteynin, sonra Q.Kozintsevin emalat-xanasını, daha sonra həmin institutun nəzdində Ali Ssenari kurslarını bitirmişdir.
Kino tariximizin bir sıra ən parlaq səhifələri məhz Həsən Seyidbəylinin adı ilə bağlıdır. Onun ssenariləri əsasında “Doğma xalqımıza” bədii-sənədli, “Qızmar günəş altında”, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) bədii, “Əyri yolla qazanc”, “Yolda əhvalat” (hər ikisi İ.Qasımovla birgə) qısamatrejlı bədii, “Toral və Zəri”, “Sağ ol, dostum” animasiya, “Sovet Azərbaycanı” (I seriya, N.Yarovaya ilə birgə, Az.TV) televiziya, “Kamillik” sənədli filmləri yaradılmışdır. “Ömrün səhifələri” kinoalmanaxında intermediyanın müəllifi, “Onun bəlalı sevgisi” filminin bədii rəhbəri olmuşdur. Yazıçının “Xidmət lifti” hekayəsinin motivləri əsasında “Liftçi qız” novellası çəkilmişdir.
Həsən Seyidbəyli ilk dəfə 1947-ci ildə “Bakıdan Göygölədək” (ilk rəngli Azərbaycan filmi), bunun ardınca 1949-cu ildə “Quba bağlarında” və “Tərtərçay vadisində” (həm də ssenari müəllifi), “Böyük yol” kinooçerklərini lentə almışdır.
H.Seyidbəyli kinorejissor kimi səkkiz tammetrajlı bədii filmə quruluş vermişdir. Bunlardan altısının həm də ssenari müəllifidir. 1962-ci ildə eyni adlı povesti əsasında çəkdiyi ilk bədii filmi - “Telefonçu qız” Azərbaycan kino sənətində mühüm mərhələ olmuşdur.
Bundan sonra H.Seyidbəyli neftçilərə həsr olunmuş “Möcüzələr adası”, “Cazibə qüvvəsi”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, «Nəsimi”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları” bədii filmlərinə quruluş vermişdir.
Təsadüfi deyil ki, “Kimi daha çox sevirik” kinoalmanaxındakı “Cazibə qüvvəsi” novellası 1966-cı ildə Moskvada keçirilən idman filmlərinin I Ümumittifaq kinofestivalında idman mövzusunun poetik təcəssümünə görə diploma layiq görülmüşdür.
“Nəsimi” filimi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında ən yaxşı tarixi filmə görə mükafata layiq görülmüşdür.
Görkəmli sənətkar, istedadlı kinorejissor Həsən Seyidbəyli 1980-ci il iyunun 25-də vəfat etmişdir.