Azərbaycanın Xalq Rəssamı Ağa Əli İbrahimovun fərdi sərgisi

06.04.2011 - 30.04.2011

Sərgi Qalereyası
Təntənəli açılış: 6 аprel saat 17:00
Keçirilmə tarixi: 6-12 aprel, 2011
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2011-ci il, aprelin 6-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Xalq Rəssamı Ağa Əli İbrahimovun fərdi yaradıcılıq sərgisi açılmışdır. Uzun illərdir ki, rəngkarlıq sahəsində yorulmadan çalışan tanınmış fırça ustasının yaratdığı sənət əsərləri indiyədək geniş tamaşaçı auditoriyasına təqdim edilməmişdir. Təxminən 45 illik bədii yaradıcılıq fəaliyyəti ərzində ilk dəfədir ki, rəssamın fərdi yaradıcılıq sərgisi keçirilirdi. Ağa Əli Müsəllim oğlu İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1960-1966-cı ildən Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak etmiş, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunmuşdur. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2007-ci ildə Xalq Rəssamı fəxri adına layiq görülmüşdür.
Aprelin 12-dək davam etmiş sərgidə rəssamın 38 ədəd əsəri nümayiş olunurdu.