Azərbaycan Respublikası ərazisində yaşayan Milli azlıqların “Azərbaycan doğma diyar” adlı IV Respublika festivalı çərçivəsində fotosərgi

25.06.2014 - 26.06.2014

Tədbirin keçirilmə tarixi: 25-26 iyun 2014-cü il
Tədbirin təntənəli açılışı: 25 iyun saat 16:00
Tədbirin keçirildiyi məkan: Muzey Mərkəzi Sərgi Qalereyası və Akt Zalı
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsi

Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorununb saxlanılması üçün məqsədyönlü iş aparılır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində “Azərbaycan-doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008 və 2011- ci illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanmış, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilmiş, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilmişdir. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, elmi konfransların materialları “Musiqi dünyası” jurnalında çap olunmuşdur. İctimai Televiziya tərəfindən festivallara informasiya dəstəyi verilmişdir.
Görülən işlərin davamı olaraq 23-25 iyun 2014-cü il tarixlərində “Azərbaycan- doğma diyar“ devizi altında Milli Azlıqların IV Respublika Festivalı keçirildi. Festival çərçivəsində tirajı 1000 nüsxə olmaqla 5 dildə (Azərbaycan , ingilis , rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnıları” (CD) diski buraxıldı, R.Behbudov adına Mahnı Teatrında 23-24 iyun tarixlərində bədii kollektivlərin çıxışlarının , 25 iyun tarixində Musiqili Teatrda festivalın qala konsertinin, habelə Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin və “Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr” mövzusunda dəyirmi masanın baş tutdu. İctimai Televiziya tərəfindən festivala informasiya dəstəyi verildi.