Şahin Hüseynovun “Donmuş istək” adlı fərdi fotoqrafiya sərgisi

26.05.2015 - 07.06.2015

Sərginin təntənəli açılışı: 26 may 18:30
Sərgi Qalereyası

26 may 2015-ci il tarixdə saat 18:30 da Muzey Mərkəzi Sərgi Qalereyasında fotoqraf Şahin Hüseynovun “Donmuş istək” adlı sərgisi baş tutacaq. Sərgidə fotoqrafın 50 fotosu nümayiş olunacaq. Hər bir şəkil öz-özlüyündə fərqli-fərqli mövzulara dair informasiya daşıyır. Fotolarda əsasən təbiət mənzərələri,dostluq mövzusu,ekologiya problemləri,xarici həyat tərzi,memarlıq fraqmentləri,portretlər və başqa mövzular əks olunmuşdur. Bu fotolar 2000-ci ildən 2015-ci ilədək olan dövrü əhatə edir.Şəkillər əsasən Azərbaycan və digər dövlətlərdə – Belçika, Fransa, Hollandiya,İran, Rusiya və Gürcüstanda çəkilmişdir.
Müəllif 1-ci Bakı Beynəlxalq Fotoqrafiya festivalının (2002), Azərbaycanın görkəmli foto ustadı Kamal Babayevin 75 illik yubileyinə həsr olunmuş fərdi fotoqrafiya sərgisinin təşkilatçılarındandır (2002). O Azərbaycan Gənc Fotoqraflar Assosiasiyasının yaradılmasında yaxından iştirak etmişdir (2003).Bundan başqa «Avtoqrafiya» (2004), «Epizod» (2005) və «Vergül» (2005) adlı fotosərgilərinin kuratorudur.Şahin Hüseynov həmçinin «Dairə» yaradıcı qrupunun və eyni adlı fotosərginin təşkilatçısı olmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş «Mənim Azərbaycanım» adlı ümumrespublika fotomüsabiqəsinin qalibi olmuşdur. 2007 - 2009-cu illərdə Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri kimi fəaliyyət göstərmişdir. Bu dövrdə Azərbaycan Fotoqraflar Birliyinin www.photographer.az rəsmi internet səhifəsini yaratmışdır . Elə həmin dövrdə Azərbaycanın görkəmli ustad-fotoqrafı Akif Ağayevin xatirəsinə həsr edilmiş fotoqrafiya sərgisini təşkil etmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş «Qadın, incəsənət və gözəllik» adlı fotomüsabiqənin və sərginin təşkilatçısıdır. Bundan başqa fotoqrafiya sənətinə dair keçirilən bir-çox master-klass və seminarların təşkilatçısıdır: «Azərbaycan-150 il fototəsvir tarixi», «Azərbaycan fotosənətində qadın obrazı», «Azərbaycan memarlığı. Unudulmaz abidələrimiz», «Neftimiz və dünya fotoqrafları», «Özbəkistan – Asiyanın ürəyi», «Uşaqlar və ətraf mühit», «Azərbaycanın təbiəti», «Dress kod», «İllüminasiyalar».
2012–ci ildə Azərbaycanın görkəmli ictimai xadimi və aktyor Bəhram Bağırzadənin «... Sən də bu şəhərdə yaşayırsan» adlı fərdi fotosərgisinin kuratoru olmuşdur.
Elə həmin ildə ilk «Adsız» fərdi fotoqrafiya sərgisini keçirmişdir.
2012-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən «Qızıl Arqus» mükafatına layiq görülmüşdür.