Rəssam Bayram Salamovun fərdi sərgisi

05.07.2016 - 09.07.2016

Tədbirin təntənəli açılışı: 05 iyul 17:30
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektoru

05-09 iyul 2016-cı il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fərdi yaradıcılıq sərgisi keçirilib.
Salamov Bayram Zikir oğlu 1965-ci ildə Şəki şəhərinin Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Bakıdakı Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib.
1989-cu ildə Bakıda keçirilən “Novruz-89” sərgisində iştirak etməklə əsərlərini nümayiş etdirməyə başlamışdır. 1990-cı ildən Rusiyanın Tolyatti şəhərində yaşayır. B.Salamov 1994-cü ildən müntəzəm olaraq öz fərdi sərgilərini keçirir. Onun yaradıcılığı çoxşaxəli, əsərlərinin mövzuları isə müxtəlifdir. İşlədiyi istənilən janrda (mənzərə, natürmort, süjetli kompozisiya, portret) özünəməxsus tərzi həmişə özünü göstərir. Bayram Salamov Rusiya Federasiyasının hüdudları xaricində Samara vilayətini təmsil etmişdir. 2002-ci ildə Çexiyada və Kiprdə sərgiləri keçirilib.
Rəssam Rusiya rəssamlarının yaradıcılıq birliyinin Samara regional şöbəsinin (bundan sonra, SRŞ MMC “Rusiya Rəssamlarının Yaradıcılıq Birliyi”) fəaliyyətində aktiv iştirak edir. 2003-cü ildən bu təşkilatın bütün sərgi və nəşrlərində mütəmadi təmsil olunur. Bayram şəhər və vilayətin başqa rəssamları ilə də daim əməkdaşlıq edir. Onun “Üç rəssam – üç üslub” sərgilər silsiləsi (S. Qaleta, S. Derqun, B. Salamov) Samara (2005), Nijnevartovsk (2007), Çelyabinsk (2007) kimi şəhərlərdə keçirilmişdir.
Bayram Salamovun yaradıcılığı Rusiya Rəssamlarının Yaradıcılıq Birliyi və Beynəlxalq Rəssamlar Federasiyası tərəfindən dəfələrlə təbliğ olunmuşdur. 2001-ci ildə o, “Rəsm əsəri - 2000” müsabiqəsində iştirakına görə Qran-Pri diplomunun və “Qalereya” prizinin sahibi olmuşdur. Rusiya Rəssamlarının Yaradıcılıq Birliyi və Beynəlxalq Rəssamlar Federasiyasının bürünc, gümüş və qızıl medalları ilə mükafatlandırılmışdır (2010, 2012, 2015).
Rəssam həmçinin öz kataloq-albomlarını da nəşr etdirmişdir (2000, 2004, 2006, 2012-ci illərdə). Bayramın yaradıcılığı haqqında «Tolyatti-Stavropol-na-Volqe» (2010) kimi nəşrlərdə də geniş məlumat almaq olar.
Rəssam, Rusiya Federasiyasında Fransa Respublikası ilinə, Rusiya Federasiyasında italyan ili və italyan dilinə, Romanovlar evinin 400 illiyinə həsr olunmuş «Rusiya incəsənəti - 2010», «Rusiya incəsənəti - 2011», «Rusiya incəsənəti - 2013» beynəlxalq layihələrdə iştirak etmişdir.
Samara vilayətində keçirilən Azərbaycan Demokratik Respublikasının 95 illiyinə həsr olunmuş Azərbaycan mədəniyyəti günləri zamanı Bayram Salamov “Hamımız – bir tarixin övladlarıyıq” (2013) adlı öz fərdi sərgisini təqdim etmişdir. 2014-cü ildə Bayram Salamov Rusiya Rəssamlarının Yaradıcılıq Birliyini Bakıda (Azərbaycan) keçirdiyi öz fərdi sərgisində təmsil etmişdir. 2015-ci ildə “Berlin-Bakı” qalereyasının təsis etdiyi layihə çərçivəsində rəssam “İki başlı bir xalça” adlı fərdi sərgisini açmışdır.
Bayram Salamovun bir neçə işi “Bal ayı” (1998), «Arzu» (1998), «Musiqiçi ailəsi» Tolyatti rəssamlıq muzeyi tərəfindən alınıb və muzeyin fondunda saxlanılır. 2015-ci ildən S.D.Erziya adına Mordoviya Respublikasının Təsviri Sənət Muzeyinin fondunda rəssamın “Unudulmuş körpü” (1999) və “Günaydın” (2007) adlı əsərləri də yer almışdır.
2016-cı ildə Volfsburq və Tolyatti şəhərləri arasındakı dostluq münasibətlərinin 25 illiyi münasibətilə Volfsburq şəhərində (Almaniya) Bayram Salamovun fərdi sərgisi təşkil edilmişdir. Rəssamın işləri Rusiya Federasiyasının, Kiprin, həmçinin İspaniya, İtaliya, Almaniya, İngiltərə, Çexiya, Kanadanın rəssamlıq muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.