V Bakı Beynəlxalq Humanitar forum çərçivəsində “Tolerant Azərbaycan gənci” adlı sərgi

30.09.2016

Sərgi Qalereyası
Təşkilatçılar: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

V Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində sentyabrın 30-u Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında azərbaycanlı gənc rəssam və heykəltəraşların əsərlərindən ibarət “Tolerant Azərbaycan gənci” sərgisi keçiriləcəkdir.
Bakı Beynəlxalq Humanitar Forum – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrlı dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. Forumun mövqeyi qloballaşma dövründə humanitar problemlərə aid olan və bəşəriyyətin ürək ağrısını özündə əks etdirən mövqeləri Bakı Bəyannaməsində işıqlandırılır. Forumun məqsədi dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Bu şüuru həyəcanlandıran, çox aktual mövzular arenasında sadə insandan dövlət liderinədək hamı eyniliklə eşidə və eşidilə bilər. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır. Forumun nəticəsi beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyələr və müraciətlərdə təcəssüm olunur.
XXI əsrdə dünyada etnik münaqişələrin artması, dinlərarası anlaşmazlıq və global problemlərin gərginləşməsi, qarşılıqlı anlayışın və tolerantlığın önəmini bir daha gözlər önünə sərir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlərdən bəri müxtəlif millətlərə, irqlərə, dinlərə və etnik qruplara məxsus insanların birgə qarşılıqlı hörmət və anlayış içərisində yaşadığı ən unikal məkandır. Ölkəmizdə mövcud olan multikultural və tolerant mühit əsrlərin sınağından keçərək bu gün artıq örnək olacaq bir model kimi tədqiqat obyektinə çevrilmişdir. Bu modeli dünya insanlarının diqqətinə çatdırmaq üçün Azərbaycanın yaradıcı gənclərinin ölkəmizdə mövcud olan multikultural və tolerant mühiti əks etdirən əsərlərindən ibarət təsviri sənət sərgisinin dünyanın ən aktual problemlərinin humanitar cəhətlərinin müzakirəsini və onların həllini qarşıya məqsəd qoyan Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilməsi məqsədəuyğundur. Yaşı 16-29 arası olan gənc rəssamların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərindən ibarət sərgidə, eyni zamanda paytaxt Bakı ilə yanaşı Azərbaycanın müxtəlif regionlarından yaşı 6-dan 16-dək olan və yaradıcılıqda ilk addımlarını atan uşaq və yeniyetmələrin də tolerantlıq və multikulturalizm mövzularına həsr olunmuş əsərləri nümayiş ediləcəkdir. Sərgi vasitəsilə Azərbaycanın uşaqları, yeniyetmələri və gəncləri təsvir dili ilə bir daha dünyaya dostluq mesajı vermiş olacaqlar.
Tədbirdə hər iki sərgidən bəhs edən “Tolerant Azərbaycan gənci” və “Tolerantlığımızın gələcəyi: 6-16” kataloqları da ictimaiyyətə təqdim ediləcəkdir.