Alim Əli bəy Hüseynzadənin Türkiyədən gətirilmiş şəxsi əşyalarının təqdimat və sərgisi

09.06.2017

Vaxt: 16:00
Akt zalı
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektoru, Muzey Mərkəzi, Azərbaycan İstiqlal Muzeyi

2017-ci il iyunun 09-da saat 16:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin akt zalında (II mərtəbə) Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzəvər xanım Alpsar tərəfindən Azərbaycan hökumətinə hədiyyə olunan sənət əsərləri, foto-sənədli arxiv və şəxsi əşyalardan ibarət sərgi-təqdimat keçiriləcək.
Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) Kürün sahilində Salyan şəhərində Qruzma bəylərindən olan Molla Hüseynin ailəsində 1864-cü il fevralın 24-də dünyaya göz açmışdır. Əli bəyin tərbiyəsində, türkçülüklə bağlı fikirlərinin formalaşmasında babası Qafqazın Şeyxülislamı Axund Əhməd Hüseynzadənin böyük rolu olmuşdur. Əli bəy Hüseynzadə Peterburq Universitetində fizika-riyaziyyat, İstanbul Universitetində Hərbi tibb fakültəsində ali təhsil almışdır. O, ömrünün böyük hissəsini Azərbaycan xalqının milli oyanışı və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli istiqlal mücadiləsinə həsr etmişdir və çoxsahəli fəaliyyətinin təməlində turançılıq məfkurəsi dururdu. Bu işdə Əli bəyin redaktoru olduğu “Füyuzat” jurnalı və onun Azərbaycanın tanınmış ziyalı-ədiblərindən ibarət redaksiya heyətinin böyük rolu olmuşdur. Çünki onlar füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistika məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etmişlər.
Geniş yaradıcılıq diapazonuna malik mütəfəkkir alim və yazıçı Əli bəy Hüseynzadə müxtəlif sahələrdə çalışmış, tibbə, musiqiyə, fəlsəfəyə, tarixə, sosiologiyaya, ədəbiyyatşünaslığa dair zəngin irs yaratmışdır. O, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almışdır və bir sıra portret və mənzərələrin müəllifidir. Əli bəyin rəsm əsərləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycan dövləti və xalqı Əli bəy Hüseynzadə şəxsiyyətini, onun zəngin irsini yüksək qiymətləndirir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2014-cü il yanvarın 21-də görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi barədə və cari ilin 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında verilən sərəncamları xüsusi qeyd etmək lazımdır.
Bugünkü təqdimatda İstanbuldan gətirilən 161 əsərdən seçilmiş Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzəvər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillər, şəxsi əşyaları nümayiş olunacaq. Ümumiyyətlə, 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycana hədiyyə olunub. Onu da qeyd edək ki, Azərbaycan muzeylərinə ilk dəfə belə dəyərli əşyalardan ibarət kolleksiyanın hədiyyə olunması çox əhəmiyyətli hadisədir. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub.
Tədbirin əvvəlində Azərbaycan ədibi, filosof, ədəbi tənqidçi, tərcüməçi Əli bəy Hüseynzadənin həyatı, fəaliyyəti və onun qızı - İstanbulda yaşayan Alpsar Feyzəvər xanım tərəfindən göstərilən vətənpərvərlik nümunəsinə həsr edilmiş videogörüntü nümayiş olunacaq.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev, Türkiyənin Azərbaycan Respublikasında səfirliyinin nümayəndəsi və digər türkdilli ölkələrin səfirliklərinin nümayəndələri, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının tədqiqatçısı Yavuz Akpınar, əsərlərin Azərbaycana hədiyyə olunmasının təşəbbüskarı Teymur Rzayev, Feyzəvər xanımın ailə dostu İbrahim Yıldırımın çıxışları nəzərdə tutulub. Mütəfəkkir ədibin ailəsi adından tədbirdə Cəmilə Hüseynzadəyə söz veriləcək.
Feyzəvər xanımın xahişi ilə onun nümayəndəsinə Azərbaycan Respublikasının üçrəngli bayrağı cənab nazir tərəfindən təqdim olunacaq.
Sonda müğənni, Azərbaycan Respublikasının Xalq artisti Azərinin ifasında “Çırpınırdın, Qara dəniz” (musiqisi Üzeyir Hacıbəyli, sözləri Əhməd Cavad) mahnısı ifa olunacaq.
Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış olacaq və ziyafət veriləcək.