Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi

17.12.2009

Akt Zalı
Vaxt:12:00
Təşkilatçı: C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyi

2 mart, 2011–ci il tarixində saat 12.00-da Muzey Mərkəzinin Akt zalında C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçirildi. Sayt “Musiqi Dünyası” jurnalının redaksiyası tərəfindən muzeyin fondunda qorunan materiallar əsasında hazırlanmışdır. Muzey sahəsi üzrə Respublikada ilk dəfə olaraq 3D texnologiyaları əsasında tərtib edilmiş veb-saytın hazırlanmasını bu sahədə atılan mühüm addım hesab etmək olar. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev muzey sahəsi üzrə Azərbaycanda ilk dəfə olaraq 3D texnologiyası əsasında veb-saytın hazırlanmasını bu sahədə atılan mühüm addım adlandırıb. Nazir deyib ki, bu sayt Azərbaycan teatrını dünyada təbliğ etmək üçün çox gözəl vasitədir. Muzeyin direktoru Nuridə Nurullayeva da saytın hazırlanmasını teatr sahəsində böyük hadisə kimi qiymətləndirib. Sayt “Musiqi Dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov tərəfindən təqdim edildi. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və fondlarda qorunan eksponatların bir qisminin elektron variantı hazırlanaraq saytda yerləşdirilmişdir. Zallar üzrə üç dildə virtual tur təşkil olunmuşdur. Saytda SSRİ xalq artistləri Sidqi Ruhulla, Ədil İskəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanlı, xalq artistləri Həqiqət Rzayeva, İsmayıl Hidayətzadə, Şəmsi Bədəlbəyli, xalq rəssamları Əzim Əzimzadə, Bədurə Əfqanlı, Kamil Xanlarov, İsmayıl Axundov, Kazım Kazımzadə kimi bir çox sənətkarların şəxsi arxivləri, eləcə də respublikada fəaliyyət göstərən dövlət teatrlarına aid materiallar yerləşdirilmişdir. Layihə çərçivəsində XIX əsrin sonları XX əsrin əvvəllərinə aid müxtəlif tamaşaların səhnələrini əks etdirən şüşə neqativlər təmizlənərək saytda nümayiş olunur. Muzeyin fonoteka şöbəsində qorunan nadir video yazılar da saytda öz əksini tapmışdır. Bu bölmədə sənət ustalarının səs yazılarını, onlar haqqında söylənilən xatirələri dinləmək, həm də bir sıra tamaşaları seyr etmək mümkündür. Muzeyin kitabxana fondunda toplanmış kitablar, o cümlədən elmi məqalələr, resenziyalar da işlənərək sayta təqdim olunmuş, materiallar ədəbi tənqid, musiqi, rəssamlıq, teatr tənqidi və bədii ədəbiyyat bölmələri üzrə yerləşdirilmişdir. Gələcəkdə saytın mütəmadi olaraq yeni materiallarla zənginləşdirilməsi nəzərdə tutulmuşdur.
Təqdimat mərasimində Bakı şəhərinin muzey ictimaiyyətinin nümayəndələri, görkəmli teatr və musiqi xadimləri iştirak edirdilər.