Akt zalı
Akt zalı (240 m2) 150 nəfərlik olub binanın ikinci və üçüncü mərtəbələri arasında yerləşir. Burada müxtəlif tədbirlər: konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, işgüzar yığıncaqlar, kollegiyalar, konsertlər, yaradıcı təşkilatların və ittifaqların qurultayları, kino-axşamları və bal rəqsləri müsabiqələri keçirilir. Bu bərbəzəkli yer keçən əsrin memarlığı, bugünkü avrodizaynın yenilikləri ilə çox uğurlu bir vəhdət təşkil edir.
Zal lazımi avadanlıqlarla təchiz olunmuşdur. Buradakı stol və stullar tədbirin xarakteri və təyinatından asılı olaraq sərbəst yerini dəyişib istənilən halı ala bilər.
Bu zalda çoxlu maraqlı və rəngarəng tədbirlər keçirilib. Onların arasında “Türksoy”-un toplantısı, MDB mədəniyyət nazirlərinin müşavirəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Avropa Şurası ilə birgə keçirdiyi müşavirə, Mədəniyyət Nazirliyi və YUNESKO-nun “İçəri Şəhər” mədəni irsinin qorunub saxlanmasına dair Beynalxalq Konfransı, Azərbaycan xalçası və xalq tətbiqi sənəti üzrə seminarlar, SOROS fondunun seminarları, Azərbaycanda Frakfoniya günləri, bal rəqsləri müsabiqələri, bir sıra tanınmış elm, incəsənət və mədəniyyət xadimlərinin xatirə gecələri, Azərbaycan estrada ifaçılarının klip və disklərinin təqdimatları, “Rus Muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzin açılışı, Çingiz Fərzəliyevin Azərbaycan rəngkarlığının antologiyası kitabının təqdimatı, Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq Kulturoloqlar Forumu, İKOM-un müşavirəsi, “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” vebsaytının təqdimatı, Azərbaycan qadın bəstəkarlarının konserti, dəyirmi masa arxasında yığıncaqlar və s. yer almışdır.