Fəaliyyət konsepsiyası

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi paytaxtımızın ən böyük mədəniyyət mərkəzlərindən biridir. Muzeyin binasında Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan"İstiqlal" Muzeyi, həmçinin, Rəsm Qalereyası, Akt Zalı və təntənəli mərasimlərin keçirilməsi üçün şüşə günbəzli Dəyirmi Zal fəaliyyət göstərir. Bu məkanlar müxtəlif növ və həcmli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

 

Muzey Mərkəzi ardıcıl bir neçə onilliklərdir ki, Bakı ziyalıları üçün ən sevimli istirahət yeridir. Burada incəsənət xadimlərinin fərdi və qrup sərgiləri, sənət festivalları, müxtəlif təqdimatlar və mətbuat konfransları, elmi tədbirlər - plenumlar, seminarlar, dəyirmi masalar, habelə xatirə gecələri, konsertlər, yaradıcılıq gecələri, müsabiqələr və digər tədbirlər, və eləcə də beynəlxalq layihələr daxil olmaqla - Azərbaycanda akkreditə olunmuş müxtəlif ölkələrin səfirlikləri ilə əməkdaşlıq, Avropa Şurası, BMT, YUNESKO konfransları, TÜRKSOY və MDB-yə üzv ölkələrin mədəni əməkdaşlıq üzrə iclasları, Rus Muzeyi və Ermitaj ilə birgə layihələr və s. keçirilir.

 

Muzey Mərkəzi burada yerləşən muzeylərin vəziyyətinə nəzarət etmək və eksponatlarını qorumaqla yanaşı, sərgi və tədris-maarifləndirmə işləri ilə də məşğul olur. Muzey Mərkəzinin Mədəniyyət Şöbəsi marketinq və menecment sahəsində qeyri-adi proqramlar, habelə, bu təşkilatın fəaliyyət planlarını hazırlayır, reklam və sponsor axtarışı işini idarə edir, tədbirlər təşkil edir və xarici mədəniyyət müəssisələri, əsasən də, muzey müəssisələri ilə beynəlxalq əməkdaşlıq sahəsini genişləndirir.

 

Bu müxtəlif fəaliyyətin əsas məqsədi - Muzey Mərkəzinin işini genişləndirmək və təkmilləşdirmək, yeni ziyarətçilər cəlb etməkdir. Azərbaycan Muzey Mərkəzində ziyarətçilərin rahatlığı üçün məlumat xidməti, qonaqpərvərlik xidməti, Muzeyin Dostları Klubu yaradılıb, mütəmadi olaraq “bir fincan çay ətrafında söhbət” formatında anketlərin toplanması və ünsiyyət keçirilir. Azərbaycan Muzey Mərkəzi iTicket.AZ onlayn bilet sifarişi sisteminə qoşulub. Muzey Mərkəzi gənc ziyarətçilərə - uşaqlara və gənclərə xüsusi diqqət yetirir. Onlar üçün burada xarici muzeylərlə əməkdaşlıq da olmaqla xüsusi proqramlar işlənib hazırlanmışdır.

 

Sərgilər təşkil edən yaradıcı insanlar üçün Muzey Mərkəzi geniş çeşiddə xidmətlər təqdim edir: sərgi kataloqlarının tərtib edilməsi, afişaların, dəvətnamələrin, əlfəcinlərin, açıqcaların və digər tədbirlərlə bağlı reklam və çap məhsullarının istehsalı.

 

Hazırda Azərbaycanın Muzey Mərkəzi Rusiya, ABŞ, Fransa, Gürcüstan, Almaniya və digər ölkələrin muzeyləri ilə davamlı əməkdaşlıq edir.Mərkəz uzunmüddətli tematik layihələr şəklində öz sərgi siyasətini həyata keçirir və müxtəlif ictimai və özəl tədbirlər üçün ixtisaslaşdırılmış məkanlar təqdim edir. Yerli tərəfdaşları arasında - Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və s. var.

 

Muzey Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi tapşırıqlara, Azərbaycan Respublikasının Muzeylər haqqında Qanununa, habelə, ölkəmizin digər müvafiq proqram sənədlərinə uyğun olaraq zamanın çağırışları ilə ayaqlaşan çoxşaxəli fəaliyyətini qurur.