Tanınmış drammaturq Əli Qafarovun xatirəsinə həsr olunmuş kino gecə

13.03.2012

Akt Zalı
Vaxt: 18:00
Təşkilatçı: Dövlət Film Fondu

Azərbaycanın istedadlı yazıçısı və kinodramaturqu Əli Hüseyn oğlu Qafarov 1935-ci il oktyabrın 16-da Ukrayna Respublikası Dnepropetrovsk vilayətinin Sinelnikova şəhərində anadan olmuşdur. Qafarovlar ailəsi Lənkərana köçəndən sonra Əli şəhər orta məktəbini burada bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filoloji fakültəsinə daxil olmuşdur. İkinci kursu bitirəndən sonra, yəni 1956-ci ildə Ə.Qafarov respublikanın digər ən zəkalı tələbələri ilə birlikdə Moskvaya, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsində təhsil almağa göndərildi. Az müddətdən sonra Əli kurs yoldaşları ilə birgə gizli gənclər dərnəyinin təşkilində ittiham olunaraq cəzalandırıldı. 1956-ci ildən 1960-ci ilə kimi Əli Sibir düşərgələrində cəzasını çəkməli oldu. Cəzasını çəkəndən sonra 1960-cı ildən 1962-ci ilə kimi Hidroenerjilayihədə, Anqar ekspedisiyasında, SSRİ Elektrik Stansiyaları Tikintisi Nazirliyinin təşkilatında topoqrafik və qazıma dəstələrində fəhlə işləmişdir.Bütün bu illər gənc üçün sərt həyat məktəbi olmuş, təəssuratlarını zənginləşdirmişdir. Sonralar respublika və ümumittifaq dövri nəşrlərdə Əli Qafarovun “Sibir” hekayələri işıq üzü görmüşdür. Beləliklədə, o, ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir.

Vətənə qayıtdıqdan sonra Ə.Qafarov öz gücünü jurnalistikada sınayır.1962-ci il aprelin 2-də o “Бакинский рабочий” qəzetinə ədəbi işçi vəzifəsinə qəbul olunur. Burada Əli 1967-ci ilə kimi işləyir. Bununla belə yazıçı, kinodramaturq olmaq arzusu onu rahat buraxmır. 60-cı illərin sonunda Ə.Qafarov Moskvada Ali rejissorluq və ssenaristlər kurslarında, məşhur kinodramaturq Aleksey Kaplerin emalatxanasına daxil olur.
70-ci illər Əlinin istedadının çiçəklənmə dövrüdür. O, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çox məhsuldar işləyir. Bir neçə bədii və sənədli filmin ssenarisini yazır. Onların arasında “Qızıl qaz” bədii və “Çarvadarların izi ilə” bədii televiziya filmləri xüsusi yer tutur.
Təəssülər olsunki, istedadlı yazıçı və kinodramaturqun həyatı çox erkən sona yetdi. 1979-cu il dekabrın 19-da, 44 yaşında faciəli şəkildə həlak oldu. Onun bir çox yaradıcılıq planları yarımçıq qaldı.
Yazıçının həlakından sonra Moskvada onun hekayə və povestlərindən ibarət “Qızıl qaz” adlı kitabı (“Советский писатель” nəşriyyatı , 1984-cü il) çapdan çıxmışdır.