Əməkdar incəsənət xadimi, professor Leyla Axundzadənin xatirə gecəsi «Ömür qısa, incəsənət isə əbədidir»

21.06.2018

Vaxt: 18:30
Akt zakı
Təşkilatçı: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsviri və dekorativ sənət sektoru, Muzey Mərkəzi

2018-ci il iyun ayının 21-də, saat 18:30-da Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin Muzey Mərkəzində “Ömür qısa incəsənət isə əbədidir...” tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi.
Tədbirdə çıxış etdilər:
Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov;
Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə;
Rəssamlar İttifaqının katibi, AR xalq rəssamı Ağaəli İbrahimov;
AR xalq rəssamı, Rəssamlar İttifaqının katibi Səlhab Məmmədov;
Bakı İncəsənət mərkəzinin direktoru, sənətşünas Rafael Gülməmmədli;
Sənətşünas Dilarə Vahabova;
Rəssamlar Fərid Abdullayev, Elşən İbrahimov, Rəşad Ələkbərov və s.

Leyla Cəmil qızı Axundzadə 21 iyun 1953-cü ildə Moskvada anadan olmuşdur. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix Fakültəsinin Sənətşünaslıq şöbəsini bitirmişdir.
1984-cü ildəsənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. 1975-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Təsviri sənət şöbəsində elmi işçi, 1990-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi kafedrasının müdiri, 2000-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri və professoru, 2006-2010-cu illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifələrində çalışmışdır.
1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 2000-ci ildə “Zamanın Qanadları” Yaradıcılıq Assosiasiyasını yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Leyla Axundzadənin iştirak etdiyi əsas beynəlxalq konfranslar və simpoziumlar:
1999 - “Türk xalqlarının incəsənəti”, Türkiyə (Sparta)
2002 - “Mədəni müxtəliflik”, Fransa (Strasburq)
2003 - “Karvansaray”, Gürcüstan (Tbilisi)
2004 - “Qonşuların dialoqu”, İtaliya (Venesiya)
2005 - “Yeni ideyalar”, Serbiya (Belqrad)

Leyla Axundzadənin təşkil etdiyi əsas sərgilər
1998 - “Azərbaycan rəngkarlığı” ABŞ, Vaşinqton, Ümumdünya Bankının Rəsm Qalereyası
2002 - “Oriyentalizm daxildən və xaricdən” Beynəlxalq sərgi, Azərbaycan, Bakı
2003 - “7+7” Beynəlxalq sərgi, Azərbaycan, Bakı
2003 - “Alüminium” I Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
2005 - “Alüminium” II Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
2007 - “Alüminium” III Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
2009 - “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
2005 - “Metabəstəkarlar birliyi”, Moskva rəssamlarının sərgisi, Azərbaycan, Bakı
2005 - “Simalar” adlı XX əsr fotoqrafiya sərgisi, Azərbaycan, Bakı
2006 - “Azərbaycan rəssamlarının sərgisi” Rusiya, Moskva (Dövlət Müasir İncəsənət Muzeyi)
2005 - “Qadın. Müharibə.Sülh” adlı Beynəlxalq təsviri sənət sərgisi UNİFEM-in xüsusi proqramı çərçivəsində
2007 - “52-ci Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya
2009 - “53-cü Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya
Leyla Axundzadə respublikada və xaricdə çap olunmuş 40-dək elmi məqalənin, dərs proqlamlarının müəllifidir.