Bolqar rəssamı Emil Stoyçevin fərdi sərgisi

14.11.2008 - 28.11.2008

13 noyabr, 2008-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tanınmış bolqar rəssamı Emil Stoyçevin Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin və Bolqarıstan Respublikasının prezidenti, cənab Georgi Pırvanovun hamiliyi altında fərdi sərgisi açılmışdır.

Bolqarıstanın paytaxtı Sofiya şəhərində dünyaya göz açmış Emil Stoyçev, 1991-ci ildən Fransada yaşasa da, faktiki olaraq həyatını Parislə Sofiya arasında paylaşmaqdadır. O, bir çox müsabiqə və mükafatların laureatıdır: Polşa Biennalının Qran-Pri mükafatı, “Sənətkar Vladimir Dimitrov” və “Qızıl Ezop” Beynəlxalq sərgisinin Qran-Pri mükafatları və s. Stoyçevin aldığı ən büyük mükafat isə I dərəcəli bolqar ordeni -“Stara Planina”dır. Dünyanın

15-dən artıq ölkəsində onun fərdi sərgiləri təşkil olunmuşdur:
Bolqarıstan - 1973, 1976, 1977, 1983, 1985, 1989, 1999, 2004, 2008
Sofiya - 1965, 1966, 1971, 1975, 1985, 1995, 1999, 2002, 2004
Berlin - 1972, 1973
Brüssel - 1989
Kipr - 1986
Yaponiya - 1995, 1996
Lüksemburq - 1990, 1999
Madrid - 1979
Paris - 1984, 1992, 1993, 1994, 1997
Praqa - 1981
San Trope - 1992
İsveçrə - 1979
Varşava - 1976
Vyana - 1990
ABŞ - 1988

Onun əsərləri Fransa, Almaniya, Hollandiya, ABŞ və digər ölkə muzeylərində qorunmaqla yanaşı, həm də dünya əhəmiyyətli bir sıra müasir incəsənət kolleksiyalarında yer almışdır.

Emil Stoyçev öz yaradıcılığında ən müxtəlif cərəyanların janr üsullarından istifadə etməklə təkrarolunmaz üslub yaratmışdır. Yaradıcılığında həmişə istehza və ironiyaya yer vermiş rəssamın əsərlərinin çoxusu Bolqarıstanın sovet dövrü totalitar reallıqlarını əks etdirir. Onun keçən əsrin 60-cı illərinin əvvəllərində təşkil olunmuş ilk sərgisi hakimiyyət tərəfindən dərhal da bağlandı. Lakin həmin ekspozisiyanın demək olar ki, bütün işləri tanınmış bolqar professoru Boqomil Raynov tərəfindən satın alındı.

Emil Stoyçev ən əsası gözəl kolorist ustasıdır. Professor Aksini Curov keçən əsrin 70-cı illərinin əvvəllərində çapdan çıxmış monoqrafiyasında, bolqar rəssamlığının o zamankı üslubu fonunda Emil Stoyçevin unikal bədii və qeyri-ənənəvi stilini yüksək qiymətləndirmişdi. Tənqidçilər də Stoyçev üslubunu Qoy və Pikasso ilə müqayisə etməyə başlamışdılar. Stoyçev özü isə öz üslubunu “fantastik realizm” kimi xarakterizə edir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Jak Şirak Parisin meri olan zaman “Baqatel” sarayında Stoyçevin sərgisini təşkil etmişdi. Bu sarayda əsasən dünyasını dəyişmiş ancaq rəngkarlıq klassiklərinin sərgiləri təşkil olunur. İlk istisna Mark Şaqal, Stoyçev isə ikinci olmuşdur. Sərgini Jak Şirak şəxsən özü açmışdır.

Emil Stoyçev - “Druo” auksion evinin kataloqunda yeganə bolqar rəssamı və ümumiyyətlə Şərqi Avropanın yeganə nümayəndəsi kimi təmsil olunur. O bütün dünya rəssamlarının milleniuma həsr edilmiş sərgisində iştirak etmiş yeganə bolqar rəssamıdır. Bu gün Emil Stoyçev, əsərləri dünyada ən çox satılan müəllifdir.

“Rəssamlar və ümumiyyətlə incəsənət, dövlət taxt-tacının ən qiymətli brilyantıdır. Dövlət mənəviyyatsız heç bir şeydir. Bəs bir millətin ən gizli hisslərindən kim danışa bilər? Yalnız rəssam” – Emil Stoyçev deyir.

Sərgi 26 noyabr, 2008-ci il tarixinədək davam etmişdir.