“Əsrin Müqaviləsi”nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin, habelə “Nobellər və Bakı nefti” kitabının təqdimat mərasimi

15.09.2009 - 22.09.2009

15 sentyabr, 2009-cu il tarixində Muzey Mərkəzində “Əsrin Müqaviləsi”nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı olmuşdur. Eyni zamanda, “Nobel və Bakı nefti” kitabının da təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Nobellər Ailəsi Cəmiyyətinin sədr müavini, Lüdviq Nobelin kötükcəsi Günnar Liljequist (İsveç) iştirak etmişdir. Açılış mərasimində giriş sözü ilə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış etmiş, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycanda neft sənayesinin inkişafı və “Əsrin Müqaviləsi”nin əhəmiyyəti barədə nitq söyləmişdir. “StatoilHydro” şirkətinin nümayəndəsi “Nobellər və Bakı nefti” kitabını təqdim etmiş, Günnar Liljequist isə layihənin əhəmiyyətindən danışmışdır.

Sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər, onlara məxsus əşyalar, habelə Nobel qardaşlarına və Azərbaycan neft sənayesinin inkişafına həsr edilmiş 8 dəqiqəlik sənədli film nümayiş etdirilmişdir. Bu sərgini digərlərindən fərqləndirən əsas cəhət onun Azərbaycanda ilk dəfə olaraq müxtəlif interaktiv oyunlarla zəngin olan rəqəmsal versiyada nümayiş etdirilməsi idi. Sərgiyə gələnlər Nobellər ailəsi və onların fəaliyyətləri ilə bağlı məlumatları müasir texnologiyalar vasitəsi ilə əldə etmək imkanı qazanmışdı.

Təqdim edilən “Nobellər və Bakı nefti” kitabında Nobellərin ailə şəcərəsi, onların XIX əsrin 30-60-cı illərində Rusiyada, 1874-cü ildən 1920-ci ilə qədər Azərbaycanda və ilk növbədə Bakı neft rayonunda fəaliyyəti öz əksini tapmışdır. Kitabda Nobel qardaşlarının Bakı neft sənayesinin inkişafındakı rolu, neftin hasilatı, emalı və nəqli sahəsində tətbiq etdikləri texniki yeniliklər, o cümlədən onların Bakı şəhərinin ictimai və sosial həyatında fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır. Həmin dövrü əhatə edən unikal foto və sənədlərdən kitabda geniş istifadə olunmuşdur. Nobellər Ailəsi Cəmiyyətinin sədri Tomas Tidenin kitaba yazdığı ön sözündə bir fikir diqqəti xüsusi cəlb edir. O yazır: “Nobel” mükafatının ianəçisi Alfred Nobel vəfat edən zaman onun varidatının əksər hissəsini onun dinamit istehsalı ilə məşğul olan şirkətlərindən deyil, digər şirkətlərindən, daha konkret desək, o vaxtlar dünyanın ən böyük neft şirkətlərindən biri olan “Nobel Qardaşları” neft hasilatı şirkətindən əldə etdiyi gəlirlər təşkil edirdi”.

Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovanın müəllifləri olduğu bu layihənin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “StatoilHydro-Abşeron” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti idi.