İran İslam Respublikasının mədəniyyət həftəsi Həzrət İmam Rzanın doğum günü münasibətilə foto sərgi

27.10.2009

Təntənəli açılış: 26 oktyabr, 2009-cu il, saat 17:00
Keçirilmə vaxtı: 26-27 oktyabr, 2009-cu il
Keçirilmə yeri: Sərgi Qalereyası

2009-cu il, 26-27 oktyabr tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Məhəmməd peyğəmbərin nəslindən olan 8-ci imam Rzanın doğum günü münasibətilə (imamın mövlud günü 30 oktyabrdır) foto sərgi keçirilmişdir. Sərginin oktyabrın 26-da baş tutan təntənəli açılışında İran İslam Respublikası prezidentinin müşaviri, eyni zamanda Mədəniyyət və İslami əlaqələr təşkilatının sədri olan Mehdi Müstəfəvi, İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, cənab Ədalət Vəliyev və digər rəsmi şəxslər iştirak edirdilər. Mərasimdə Həzrət İmam Rzanın mübarək mövlüd günü münasibətilə Qurandan ayələr oxundu, ilahi mahnılar ifaçısı olan “Nur” qrupu isə imamın həyatından bəhs edən “Eşq vilayəti” filmindən bir mahnı ifa etdi. Sərgidə Fəramərz Qəhrəmanifər tərəfindən İranın Məşhəd şəhərində, Həzrət İmam Rzanın müqəddəs məqbərəsindən streoskopiya sistemi vasitəsilə hazırlanmış şəkillər (qeyd edək ki, 3d-üçölçülü həmin şəkillər xüsusi eynəklərlə müşahidə edilirdi ki, bu zaman da şəkillərdə yaxınlığı, uzaqlığı və dərinliyi hiss etmək mümkün olurdu), beynəlxalq sərgilər iştirakçısı, Yaponiya, Türkiyə, İtaliya, İspaniya və digər ölkələrdə keçirilmiş festivalların mükafatçısı olan Cavad Pursəmədin müqəddəs ziyarətgahlardan fotoşəkillər məcmuəsi, o cümlədən İrandan olan digər fotoqrafların, rəssam və tətbiqi sənət ustalarının işləri, Həzrət İmam Rza haqqında dini kitablar nümayiş olunurdu.