“Alüminium” III Müasir İncəsənət Biennalesi

05.12.2007 - 06.12.2007

3-5 dekabr, 2007-ci il tarixində Bakıda “Alüminium” III Müasir İncəsənət Biennalesi keçirilmişdir. Festivala 19 ölkədən (Kanada, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, İsrail, İtaliya, Qazaxıstan, Koreya, Niderland, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, İsveçrə, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan) rəssamlar qatılmışdılar.

Biennaledə təsviri incəsənətin müasir formaları - performans, videoart, fotoqrafiya, instalyasiya və eləcə də ənənəvi incəsənətin heykəltəraşlıq və rəngkarlıq kimi müasir formaları təqdim olunmuşdur.

3 günün hər birisində 2 sərgi açılmışdır. Ekspozisiyalar Bakının mərkəzi muzey və qalereyalarında - Şirvanşahlar sarayı, Muzey Mərkəzi, Müasir İncəsənət Mərkəzi, “Abşeron”, “Bakı” və “Yeni Gallery” qalereyalarında təşkil edilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan bu festival incəsənətin müasir formalarının inkişafı və dəstəklənməsi məqsədinə xidmət etmişdir. Festivalın baş sponsoru AZERCELL TELEKOM Şirkəti, sponsorlar isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “AZELL” Qapalı Səhmdar Cəmiyyəti, otel Avropa, NATAVAN Biznes Mərkəzi, SEBA(Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadilələri Assosiasiyası olmuşdur. ABŞ-ın, Fransanın, İtaliyanın, İsveçrənin, Rusiyanin Azərbaycan Respublikasındakı səfirliklərinin tədbirlərin təşkilində xüsusi rolu olmuşdur.

Partnyorlar: “Zamanın qanadları” Yaradıcı Təşəbbüslər Assosiasiyası, Azərbaycan Rəssamlar İttifaqı, Müasir İncəsənət Mərkəzi, Muzey Mərkəzi, Şirvanşahlar saray kompleksi, “Abşeron” qalereyası, S.Bəhlulzadə adına Mərkəzi Sərgi alonu, “Bakı” Rəsm Qalereyası, “Yeni Gallery” Qalereyası, Azərbaycan Dövlət Rəsm Qalereyası.

Festivalın mövzusu “Yuxu görmənin reallıqları” adlanırdı.

İnsan tarixi boyu reallığın digər üzünü görmək üçün bu dünyanın hüdudlarından kənara baxmışdır. Qədim rituallar, antik misteriya, magiya mərasimləri, elə dinin meydana gəlməsinin özü də-bütün bunlar, insanın transsendental olanların və axirət dünyasını dərk etmək istəyi ilə şərtlənir.

Demək olar ki, müasir incəsənət bütünlüklə Ziqmund Freydin psixoanalitik nəzəriyyəsinin təhrikçiliyi ilə yaranır. Karl Yunq qeyd edirdi ki, incəsənət cəmiyyətdə yuxugörmənin insan həyatında oynadığı rolu oynayır. Bir çox nəsillərin yaddaşında möhkəm iz buraxan mədəniyyət əsəri yuxugörmə xarakterinə malik olduğuna görə tükənməz təsir bağışlayır. Onlar məna etibarilə yuxunun sirri tək nəhayətsizdir. Yuxular aləminə atılmaq rəssamın rasional və cansız sivilizasiyanın çağırışına cavabı deməkdir. İnsan məhz yuxuda məxsusi mifologiyanın yaradıcısına çevrilir. O, məhz yuxuda empirik gerçəkliyin sıxıntıları və məhdudiyyətindən azad olur.

Ətrafa boylanaq, müasir dünyada nələr baş verdiyinə baxaq belə bir sual verək: yuxu ilə gerçəklik arasında prinsipial fərq varmı? Bizim ayıqlığımız sadəcə yuxunun müxtəlif növü deyilmi... Yoxsa yox?