Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanovun 100 illiyi münasibətilə kino-gecə

29.12.2009

Akt Zalı
Təşkilatçı: Dövlət Film Fondu

Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanov 1909-cu ildə Tiflis (indiki Tbilisi) şəhərində anadan olmuşdur. O, görkəmli kino və teatr xadimi Mustafa Mərdanovun qardaşıdır. 1935-ci ildə ÜİDKİ-nin rejissorluq fakültəsini (S.Eyzenşteynin emalatxanasını) bitirmişdir.
S.Mərdanovun yaradıcılığı milli kino sənətimizin inkişafına əhəmiyyətli təsir göstərmişdir. O, hələ tələbə ikən ilk dəfə «Köçərilər» (1933) sənədli filmini çəkmişdir. İlk Azərbaycan səsli kinosu və kinokomediyalarından olan «Mavi dənizin sahilində» (1935, quruluşçu rejissor B.Barnet, «Azərfilm» və «Mejrabpomfilm» (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur.
Bundan sonra S.Mərdanov müstəqil olaraq «Kəndlilər» bədii filminə (1939) quruluş vermişdir. Bu bədii film Azərbaycan kinosunun qızıl fonduna daxil olmuşdur.
S.Mərdanov 1939-cu il avqustun 6-da Bakıda vəfat etmişdir. Çox təəssüf ki, öz filmini ekranda görmək quruluşçu rejissora müyəssər olmamışdır.
Bu qısa tərcümeyi-halın arxasında, gənc olmasına baxmayaraq, dastanvari əhvalatların qəhrəmanı, əsl sənətkar Səməd Mərdanovun acılı-şirinli taleyi durur.
Kinorejissor S.Mərdanovu sağlığında nəinki Azərbaycanda, həm də keçmiş Sovetlər İttifaqında yaxşı tanıyır və sevirdilər. Təkcə ona görə yox ki, yaradıcılıq bioqrafiyasında bir neçə mükəmməl filmin adı yazılmışdı. Həm də ona görə ki, hələ tələbəlik illərindən incəsənət aləmində ağıllı, savadlı, yüksək mədəniyyətli gənc sənətkar kimi tanınmışdı. Əgər belə olmasaydı tələbə rejissoru Moskvadan çağırtdırıb «Köçərilər» sənədli filminin çəkilişini ona tapşırmazdılar. Və yaxud dövrünün görkəmli teatr rejissoru V.Meyerhold S.Mərdanovu yeni hazırladığı «Sonuncu, həlledici» tamaşasında işləmək üçün truppasına dəvət etməzdi.
O, Moskvada təkcə məşhur kino ustalarından kinematoqrafın incəliklərini əxz etməklə kifayətlənmirdi, incəsənətin başqa sahələri ilə də maraqlanır, ümumi bilik dairəsini genişləndirməyə çalışırdı.
M.Mikayılov deyirdi ki, gənc rejissor klassik və müasir Azərbaycan ədəbiyyatını müntəzəm surətdə oxuyar, bu və ya digər sənətkar haqqında mühakimələr yürüdərdi. Müşfiqlə dost idi. Bir neçə dəfə onların Nəsimi və Xəyyam haqqında söhbətinə qulaq asmışdı. Tarda gözəl muğam çalırdı.
«Kommunist» qəzeti S.Mərdanovun vəfatı ilə əlaqədar dərc etdiyi nekroloqda haqlı olaraq onu «incə və itigöz sənətkar, gənc olmasına baxmayaraq, sürətlə artıb kinematoqrafiya ustasına çevrilmiş mədəni, istedadlı sənətkar və həssas bir yoldaş» adlandırmışdır.
Onun arxivində saxlanılan cib dəftərçəsində maraqlı bir qeydi var: «Qartal həmişə zirvədə uçar». Sanki gözəl sənətkar bu sözləri özü üçün yazmışdı. Çünki qısa ömür yaşasa da o, artıq yaradıcılıq zirvəsini fəth etmişdi. İrəlidə isə onu daha yüksək, daha uca zirvələr gözləyirdi.