“Azərbaycanda Səudiyyə Ərəbistanının mədəniyyət günləri” çərçivəsində ərəb incəsənəti sərgisinin açılışı

18.06.2008 - 21.06.2008

2008-ci il, iyunun 18-də Muzey Mərkəzində Səudiyyə Ərəbistanının mədəniyyət günləri çərçivəsində bu ölkənin ənənəvi mədəniyyət nümunələrinin sərgisi açılmışdır. Sərginin girişində xalq mahnıları və rəqslər ifa olunmuş, iştirakçılara suvenirlər, şirniyyat paylanmışdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgini açaraq demişdir ki, Səudiyyə Ərəbistanının uğurla keçən mədəniyyət günləri ilk müjdədir. Gələcəkdə Azərbaycanda Mərakeş mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Ə.Qarayev demişdir: "Uzun müddət bir-birimizdən uzaq olduğumuzu, indi isə sanki yenidən yaxınlaşdığımızı, İslam ölkələrinin mədəniyyəti ilə yenidən tanış olduğumuzu nəzərə alsaq, bu, çox yaxşıdır". Tədbirdə çıxış edən Səudiyyə Ərəbistan Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl-Mədəni həyata keçirilən mədəniyyət günlərinin iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının nəticəsi olduğunu deyib. Sərginin ekspozisiyasına milli geyimlər, bəzək əşyaları və fotoşəkillər daxildir. Sərgidə o cümlədən bu ölkədə yetişdirilən xurmalar nümayiş etdirilib. Təşkilatçılar müasir təsviri sənətin müxtəlif istiqamətlərində 30-dək rəssamın rəsmlərini təqdim etmişlər.