Qara Qarayevin anadan olmasının 90 illiyinə həsr edilmiş "Bir ömrə sığmayan musiqi" adlı fotosərgi

27.09.2008 - 02.10.2008

2008-ci il, sentyabrın 27-də Muzey Mərkəzində Azərbaycanın böyük bəstəkarı, SSRİ xalq artisti, dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 90 illiyinə həsr edilmiş "Bir ömrə sığmayan musiqi" adlı fotosərgi açılmışdır. Dövlət Film Fondunun və Dövlət Foto-Kino Sənədləri Arxivinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə 50 foto təqdim olunurdu. Açılış mərasimində Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd etmişdir ki, nümayiş olunan fotolar Rusiya Dövlət Kino Arxivindən gətirilmişdir. Qara Qarayevin əsərləri təkcə ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da məşhurdur. Həmin əsərlər xarici ölkələrin görkəmli dirijorlarının repertuarında layiqli yer tutur. Bəstəkarın baletləri, simfoniyaları, instrumental kamera əsərləri, simfonik poemaları bu gün də Polşa, Rumıniya, Almaniya, Fransa, ABŞ, Bolqarıstanın və başqa ölkələrin konsert salonlarında, opera teatrlarında uğurla ifa olunur, tamaşaya qoyulur.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, sənətşünaş Lalə Hüseynova və başqaları çıxış edərək sərginin əhəmiyyətindən, Qara Qarayev yaradıcılığının başlıca xüsusiyyətlərindən danışmışlar.