Azərbaycan rəssamlarının “X nöqtəsi...” adlı sərgisi

09.11.2010 - 15.11.2010

Sərgi Qalereyası
Təntənəli açılış: 8 noyabr 17:00
Təçkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi

On il bundan əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradılması Azərbaycan rəssamlarının sırasına bir çox istedadlı gənclərin qatılmasına səbəb olmuşdur. Akademiyanın, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları bir çox sərgilərdə uğurla iştirak edərək öz istedadlarını, bilik və bacarıqlarını nümayiş etdirmişlər. Akademiyanın məzunları səmərəli yaradıcılıq fəaliyyəti ilə məşğul olur, təsviri sənətimizin yeni sənət nümunələri ilə zənginləşdirilməsinə çalışırlar. Artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək verilməsi, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə 2010-cu il noyabr ayının 8-dən 14-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan rəssamlarının “X nöqtəsi...” adlı sərgisi keçirilmişdir.
Sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah və Gündüz Ağayevin əsərləri nümayiş etdirilmişdir.Adları qeyd edilən rəssamlar ciddi cəhdlə irəli getməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. Konsepsiyaya görə sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur. Buna görə də sərgi “X nöqtəsi...” adlandırılırdı. Bu ad Anar Hüseynzadənin eyni adlı əsərindən götürülməklə əsasən abstrakt üslubda işlənmiş əsərlərdən ibarət sərginin ümumi mahiyyətini konseptual baxımdan açıqlayırdı.