“İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimatı

17.03.2011

Akt Zalı
Vaxt: 15:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi

16 mart, 2011-ci il tarixində Muzey Mərkəzinin Akt zalında Mədəniyyət və Turizm Nazirliyinin nəşr layihəsi olan “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimatı olmuşdur.. XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısi İlyas Əfəndiyevə həsr olunmuş kitabın tərtibçisi və redaktoru Günay Əfəndiyevadır. “Təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuş bu kitabda adından göründüyü kimi, unudulmaz yazıçıya həsr olunmuş şeirlər, tanınmış şəxslərin ürək sözləri və qiymətli fotoşəkillər yer alıb.
Ümummilli lider Heydər Əliyevin İlyas Əfəndiyev barədə dəyərli fikirləri ilə açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın ön sözü, Xalq yazıçısı Elçinin “Şeirə sığmayan ömür” məqaləsi yer almış, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Çingiz Əlioğlu, Ramiz Rövşən, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Tofiq Nurəli və başqa şairlərin qələmə aldığı şeir nümunələri toplanmışdır. Bu şeirlərdə İlyas Əfəndiyev sənətinə, şəxsiyyətinə dərin ehtiram və məhəbbət ifadə olunmuşdur. Yazıçının parlaq poetik obrazını tamamlamaq məqsədi ilə kitaba fotoşəkillərlə yanaşı rəssamların bu mövzuda çəkdiyi illüstrasiyalar , teatr eskizləri, digər bədii rəsm və foto nümunələri də daxil edilib.