Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş şəxslərə orden, medal və fəxri adların təqdim olunması mərasimi

05.10.2011

Dairəvi Zal
Vaxt: 12:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyi

2011-ci il, oktyabrın 5-də Muzey Mərkəzinin Dairəvi zalında Azərbaycan prezidentinin 2011-ci ildə imzaladığı sərəncamlarla mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş şəxslərə orden, medal və fəxri adların təqdim olunması mərasimi keçirildi.
Tədbirdə çəxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət müstəqilliyinin bərpasından ötən dövr ərzində Azərbaycanın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini, o cümlədən mədəniyyət sahəsində uğurlu nəticələr əldə olunduğunu qeyd etdi, qazanılmış nailliyyətlərdən danışdı. Nazir fəxri adlara layiq görülən sənət adamlarını təbrik edərək onların bu yüksək diqqətə layiq olduqlarını dedi: “Təltif olunanlar arasında tanınmış mədəniyyət işçiləri, dövlət qulluğunda fərqlənən insanlar, həyatını fədakarcasına muzey işinə, kitabxana işinə həsr edən insanlar var. Bu insanlar cəmiyyətdə tanınan, hörmət sahibi olan insanlardır. Onların hər birini təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram. İnanıram ki, onların əməyinə verilən qiymət gələcək fəaliyyətlərinə, yaradıcılıq prosesinə müsbət təsir göstərəcək”.
Sonra nazir Əbülfəs Qarayev ölkə başçısının imzaladığı sərəncamlara əsasən təltif olunmuş şəxslərə orden, medal və fəxri mükafatları təqdim etdi.
Xalq artisti, tanınmış müğənni Xuraman Qasımovaya “Şərəf” ordeni, Ağasəməd Səmədov, Zabit Nəbizadəyə “Xalq artisti”, Barat Alıyev, Elşad Bağırov, Rövşən Quliyev, Vaqif Gərayzadə, Ziya Şıxlinski, Aygün Səmədzadə və Böyükağa Məmmədova “Əməkdar incəsənət xadimi”, Rəşid Həsənova “Əməkdar rəssam”, 30 nəfər incəsənət ustasına “Əməkdar artist”, 13 nəfərə “Əməkdar mədəniyyət işçisi” fəxri adları təqdim olundu.
Təltif olunanlar arasında Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri də var. Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Əbdüləlimov, İşlər şöbəsinin müdiri Kamal Kazımov, Maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Natiq Abdullayev, nazirin köməkçisi Rafiq Bayramov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildilər. Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olundu.