Kulturoloqların II Beynəlxalq Bakı forumu

12.06.2012

Akt zalı
Vaxt: 11:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təhsil sektoru

12 iyun 2012-ci il tarixində Muzey Mərkəzinin Akt zalında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçirildi. Forumun əsas mövzusu “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu” idi. Tədbirin rəsmi açılışında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev regionda və MDB ölkələrində son iyirmi ildə baş vermiş ictimai-siyasi hadisələrin milli şüura təsir etdiyini, mədəni irsin qorunub saxlanmasının, gələcək nəslə ötürülməsinin vacibliyini bildirdi. Mədəniyyət siyasətinin aktuallığının artması amili respublikasmızda son dövrlərdə böyük vüsət almışdır. Ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərdiyi misilsiz diqqəti və qayğısı nəticəsində mövcud sahənin inkişafı üçün lazımi şərait yaradılmışdır. Mədəniyyət sahəsində aparılan struktur islahatlarla yanaşı mahiyyət etibarilə strateji əhəmiyyət kəsb edən yeni fəaliyyət istiqamətləri müəyyən edilmişdir ki, onlardan da biri mədəniyyət siyasətinin həyata keçirilməsində respublikanın qabaqcıl elmi qrumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması və bunun vastəsilə sahənin inkişafında elmin iştirakının təmin edilməsidir.
Forumun məqsədi respublikamızda həyata keçirilən mədəniyyət siyasətinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində elmin iştirakının təmin edilməsi, xarici ölkələrdə fəaliyyət göstərən müvafiq elmi qurumlar ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması, kulturologiya elminin populyarlaşması, habelə mədəniyyət sahəsinin dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətinin artırılmasına xidmət edən elmi tədqiqatların dəstəklənməsi idi. Forumda yerli mütəxəssislər ilə yanaşı cəmi 10 ölkədən, o cümlədən Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistan kimi ölkələrin nümayəndələri iştirak etdilər. Sonra deputat Nizami Cəfərov ”Simurq”Assosiasiyasının prezidenti Fuad Məmmədov, Rusiya, Qazaxıstan, Gürcüstan, Macarıstan və digər ölkə nümayəndələri çıxış edərək forumun əhəmiyyətindən danışdılar. Tədbir zamanı mədəniyyətin tədqiqi, habelə beynəlxalq mədəni əlaqələrin yaradılması sahəsində səmərəli fəaliyyətə görə Nazirliyin Diplomları ilə iştirakçılar təltif olundular.
Fasilədən sonra “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu”, “Mədəniyyət, elm və inkişaf”, “Mədəniyyət inkişafın faktoru kimi” və digər mövzularda məruzələr dinlənildi.