“Azərbaycan gömrüyü mədəni irsin keşiyində: 25 il” adlı sərgi

27.01.2017 - 31.01.2017

Tədbirin təntənəli açılışı: 27 yanvar 17:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi

Yanvarın 27-də Bakı şəhərində, Muzey mərkəzinin Sərgi qalereyasında “Azərbaycan gömrüyü mədəni irsin keşiyində: 25 il” adlı sərgi keçiriləcək.
Sərginin açılış mərasimi saat 17:00-da olacaq.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan “Azərbaycan gömrüyü mədəni irsin keşiyində: 25 il” adlı sərgidə müxtəlif illərdə Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd edilən və gömrük orqanları tərəfindən saxlanılan milli-mənəvi dəyərlərə malik əşyalar sərgilənəcək.
Dövlət Gömrük Komitəsi milli-mənəvi dəyərlərin qorunmasında üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Azərbaycan gömrüyünün qaçaqmalçılıqla mübarizəsi təkcə strateji əhəmiyyətli malların ölkədən qanunsuz çıxarılması və yaxud ölkəyə gətirilməsi ilə məhdudlaşmır. Gömrük sərhədlərində muzey əhəmiyyətli rəsm əsərləri, xalçalar, dini əşyalar və kitablar, qədim əlyazmalar, silahlar, qablar, sikkələr və s. aşkar olunur və saxlanılır.
Son illər Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd edilən yüzlərlə qədim və qiymətli tarixi-mədəniyyət nümunələri gömrük işçiləri tərəfindən saxlanılıb və müvafiq sənədləşmə aparıldıqdan sonra müsadirə edilərək qanuni sahiblərinə - muzeylərə, kitabxanalara, dini ocaqlara və digər aidiyyəti müəssisələrə təhvil verilib.
Azərbaycan gömrükçüləri tarixi-mədəniyyət abidələrinin ölkə ərazisindən çıxarılmasının qarşısını almaqla yanaşı, bu cür maddi-mənəvi dəyərlərin təbliği sahəsində də yaxından iştirak edirlər. Bu zərurətdən irəli gələrək 2006-cı ilin martında Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi yaradılıb.
Gömrük Tarixi Muzeyinin kolleksiyasının böyük hissəsini məhz gömrük əməkdaşları tərəfindən saxlanılaraq məhkəmə orqanları tərəfindən müsadirə edilən elmi, tarixi və bədii əhəmiyyət kəsb edən mədəni sərvətlər təşkil edir. Muzeyin kolleksiyası Azərbaycanda və xarici ölkələrdə müxtəlif mövzulu sərgilərdə tamaşaçılara təqdim olunur.
Eyni zamanda, muzey kolleksiyası əsasında formalaşan “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərgi Dövlət Gömrük Komitəsi tərəfindən 2008-2014-cü illərdə İsveçrə, Vatikan, Avstriya, Fransa, Makedoniya, ABŞ, Argentina, Uruqvay, Mərakeş və digər ölkələrdə təşkil edilib.