Gənc rəssam Cəlal Ağayevin İslam Həmrəyliyi İlinə həsr olunmuş “Yeddi gözəl” adlı fərdi sərgisi

11.04.2017 - 16.04.2017

Tədbirin təntənəli açılışı: 11 aprel 17:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 11 aprel , saat 17:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Cəlal Ağayevin İslam Həmrəliyi İlinə həsr olunmuş “Yeddi Gözəl” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir.
Təsviri yaradıcılıqla məşğul olan insanlarda müstəqil düşünmək və gördüklərindən heyrətlənmək məqamının yetişməsi onları əsl sənətə yad olan “şəkil çəkmək” ənənəsindən təcrid edir və rəssamlıq əsərinin “doğuluşu”nu şərtləndirir, desək yanılmarıq. Bu fikri indiki durumda milli təsviri sənətimizi yeni-yeni əsərlərlə zənginləşdirməyə çalışan gənc rəssam Cəlal Ağayevin yaradıcılığına aid etsək, deməliyik ki, onun həm də iç dünyasının ifadəsi olan müxtəlif mövzulu əsərləri yaradıcılıq üçün çox vacib olan nəhayətsiz “bədii yalan” və şişirtmədən qaynaqlanan obrazlı nümunələrdir.
Onun Azərbaycan təsviri sənətinin bədii ifadə imkanlarının nəhayətsizliyini sərgiləyən əsərlərini dəyərləndirməkdən öncə, onun yaradıcılıq bioqrafiyası ilə tanış olmağa ehtiyac duyuruq. Cəlal Ağayevin bir qərinəlik ömür yolunun yarısından çoxu rənglərin sirrini öyrənməklə keçib. Əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1998-2002), sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafika sənəti (2006-2010) üzrə ixtisas təhsili alıb. Hazırda həmin təhsil ocağında emalatxana müdiri vəzifəsində çalışması da onun təhsil illərində nümayiş etdirdiyi işgüzarlığın nəticəsidir. O, Azərbaycan Rəssamlar İttifaqının üzvü, 2010-cu ildən isə müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır...
Onun yaradıcılığı üçün janr və mövzu məhdudiyyəti yoxdur. Düşüncələrini yağlı boya ilə yanaşı, həm də akvarel texnikasında asanlıqla ifadə etməsinin qarşılığında demək olar ki, o, istedadlı rəngkar olmaqla bərabər eyni zamanda gözəl qrafikdir. Akademiyada təhsil illərində görkəmli qrafika ustası, xalq rəssamı, professor Cəmil Müfidzadədən sənətin bədii-texniki sirlərini öyrənən gənc rəssam cəmisi beş ili əhatə edən yaradıcılığında bir-birindən maraqlı əsərlər yaratmağa nail olmuşdur.
Bir rəssam kimi onu səciyyələndirməli olsaq, onda demək lazımdır ki, o, əqidəsinə və yaradıcı temperamentinə görə bütünlükdə, lap əvvəllərdən realist-gerçəkçidir. Onu başqalarından fərqləndirən başlıca cəhət ondan əvvəllər sənətdə mövcud olmuş bütün qiymətli bədii məziyyətlərdən istifadə etməyə çalışmasıdır. Doğrudan da məhz bu dəyərli xüsusiyyəti onun mövzu seçimində və onların bədii şərhində - yüksək icra sənətkarlığında qabarıq görmək mümkündür. Onun rəngkarlıqla qrafik vərdişlərin qovşağını özündə yaşadan dəst-xətti artıq tanınır, desək, həqiqəti söyləmiş olarıq.
Cəlal Ağayevin yaradıcılığını səciyyələndirən önəmli xüsusiyyətlərdən biri də onun bəziləri kimi orijinal mövzu axtarışına çıxmamasıdır. Bu fərqli cəhətin hamıya görünən tərəfi isə bir o qədər də ciddi axtarışlar tələb etmədiyi görünən ən müxtəlif mövzuların “Cəlal Ağayev palitrası”nda başqalaşması, bu vaxta qədər rastlaşmadığımız bədii görkəm almasıdır. Onun həm də təxəyyül sonsuzluğundan xəbər verən bu bədii yozumlarına diqqət kəsiləndə inanırsan ki, əsl rəssamlıq doğrudan da başqalarının görə bilmədiklərini “kəşf” etməkdən və yaxud da adi gözlə yaxşı görünənlərə çox fərqli rakursdan göz qoyub, onları bədiiləşdirə bilməkdən başlayır...
Belə olmasaydı, onun bizə təqdim etdiyi tanış memarlıq motivləri, müxtəlif tutumlu insan obrazları, maddi-mədəniyyət nümunələri və s. bu qədər yeni görünməzdilər. Rəssamın yağlı boya ilə çəkilmiş “İçərişəhər”, “Mis qablar və xurcun”, “Başmaqlar”, “Nuhun gəmisi”, “Samovar”, “Kəndin şəcərə ağacı”,”Gözləmə”, Aşıq”, “Çarıqlar”, “Rəhil”, “Nərdivanlar”, “Mənim xəyali şəhərim”, “Zamanın ipi”, “Qara çıraqlar” və s. tablolar yuxarıdakı bədii-estetik məziyyətləri özündə yaşadan sənət nümunələridir. Onlarda mövzunun obrazlı-bədii həlli bir qayda olaraq gözlənilməz, şaşırdıcı bir tutumdadır. Yəqin ki, elə bu səbəbdən Cəlal Ağayevin əsərləri janrından asılı olmayaraq cəlbedici və təsirli, eləcə də düşündürücüdür...
Çoxdan bizə tanış olmağı ilə gözümüzdə adiləşən motivləri və əşyaları bizə təqdim edən rəssam bu özünəməxsus bədii şərhində həm də görünənlərə “inamsızlığını” nümayiş etdirir. Başqa sözlə desək, bədii görkəm almış görünənlər artıq haralarınsa-nələrinsə dəqiq əksi yox, onların rəssam təxəyyülündən qaynaqlanan obrazlarıdır. Bizim seyr etdiklərimiz də müəllifin görmək istədikləridir. Gerçəkliyə bu cür yanaşma əslində onu romantizmə yaxınlaşdırır. Etiraf edək ki, obrazlaşmaya köklənmiş bu cür bədii şərh müasir Azərbaycan təsviri sənəti üçün yenidir...
Bu gün dünyaya süni mücərrəd-konseptual baxışla realist-gerçəkçi münasibətin mübarizəsinin gücləndiyi bir vaxtda Cəlal Ağayevin sərgilədiyi və qədim milli mənəvi qaynaqlara tapınan bədii münasibət çox maraqlı və təqdirəlayiqdir. Belə ki, burada təsvirlər “çoxqatlı” olmaqla, tamaşaçı düşüncələrini tarıma çəkmək, duyğularını cəmləmək, bəzən də paralamaq gücündədir. Etiraf edək ki, arif seyrçi məhz dünyaya belə baxışın həsrətindədir...
Cəlal Ağayevin bir çox kompozisiylarının detal və atributları arasında artıq dəbdən düşmüş kimi qəbul olunan maddi-mədəniyyət nümunələri çoxluq təşkil edir. Onun bu müraciəti əslində heç də bizlərə nə vaxtsa nələrə malik olduqlarımızı xatırlatmaq fikrindən daha ciddi tutumludur. Qənaətimizcə, bu “qayıdış”da daha önəmli məqamlar hifz olunur. Rəssam keçmişimizi artıq toza basdığımızın fərqində olmayanlara “dərd”i yaxın buraxmayan mis qablarda, ziya qaynağına dayaq duran rəhildə, əzəmətli samovarda, qaytanı qırılmış çarıqlarda, ilmələrin sehrindən boylanan xalça saplarında, daş binaların “əsir”liyində, gil küpələrin dad qoruyuculuğunda bizim çağdaş firavanlığımıza təkan və qüvvət verən mənəvi və maddi gücün olduğunu xatırladır. Sanki müəllif “Keçmişə daş atanları gələcək topa tutar” deyimini xatırlatmaqla, bizi başqalarından fərqləndirən milli ənənələrimizi qorumağa çağırır...
Rəssamın təqdimatında xurcunla mis qabların qovşağı (“Mis qablar və xurcun”) maddi-mədəniyyət nümunələrimizin gözəlliyinin təqdim etməkdən daha çox, bu əvəzsiz mənəvi dəyərlərimizə soyuq münasibətə bədii işarə vurmaq məqsədi daşıyır.
Dairəvi xalça məmulatı üzərinə səpələnmiş rəngbərəng başmaqlar (“Başmaqlar”) da tamaşaçı duyğularını qanadlandırmaq gücündədir. Belə ki, onların toxunma səthindəki təzadlı düzülüşündə məna daşıyıcılığı və rəmzi məqamlar kifayət qədərdir. Başmaqların “hikmətini” özünəməxsus bədii şərhlə təqdim edən Cəlal Ağayev həm xalqımızın “düşüncə boxçası”nı çözələməyi bizə tövsiyə edir...
Rəssamın qaralı-yaşıllı məkanda divara dirədilən və işığa doğru can atan çox sadə biçimli taxta nərdivanları (“Nərdivanlar”) əslində hər kəsin məramini özü və yaradanı bilən ömür yolunun necəliyinə bədii işarədir. Yan-yana sıralanmış bu “yüksəliş” vastəsi ilə üz-üzə, göz-gözə qalan seyrçi, əslində iç dünyası ilə dialoqa dəvət edilir. Yaşananları saf-çürük edən hər kəs təbii ki, ilk növbədə hələlik əlçatmaz görünən “işığ”a çıxa bilib-bilməyəcəyini düşünür...
Cəlal Ağayev “Samovar” əsərində sanki təlatümlü, bəlkə də əfsanəvi bir məkanda baş verən görüntünü bədiiləşdirib. Zahiri görkəminə görə nə qədər ənənəviliyini qoruyub saxlasa da, hiss olunur ki, rəssam təqdimatında bu heç də bu gün dünyanın ən nüfuzlu firmalarının istehsalı olan bahalı samovarlardan deyil. Müəllif əslində onu əskiləşdikcə öləziyən ruhumuzun qida mənbəyi kimi qəbul edir. Bunu başa düşənlər nəyin bahasına olursa-olsun onu fəth etməyə çalışırlar. Zirvəsi çaydanlı nəhəng “eleksir qaynağı”na yaxın düşməksə çoxları düşündüyü kimi bir o qədər də asan deyil...
Onun yaradıcılığında mənzərə janrı bir o qədər geniş yer tutmasa da, bu yöndə ərsəyə gətirilənlərə rəğmən demək olar ki, onlarda da rəssamın özünəməxsusluğu mövcuddur. Qənaətimizcə, janrından asılı olmayaraq elə onu başqalarından fərqləndirən də budur. Böyük şairimiz Rəsul Rza rəngləri sözlə mənalandırdığı kimi, gənc rəssam da müxtəlif mənzərələrdə hifz olunan sirr saxlanclı boyaların rəmzi tutumunu üzə çıxarmağa çalışır. “Kəndin şəcərə ağacı”nda rəssamın təxəyyülündə canlandırdığı mənzərə azman ağacın budaqlarında və yarpaqlarındadır. Bu gün ancaq xatirələrdə yaşayan kənddən xəbər verən də minarəsi göylərə ucalan yeganə qədim məsciddir. Bu əsər də əslində ismarışdır, özü də birbaşa müxtəlif səbəblərdən dədə-baba yurdunu Allahın ümidinə qoyub firavanlığı şəhərlərdə axtaranlara yönəlidir...
Rəssamın “İçərişəhər”i də bütün əsərlərindəki kimi obrazlı görkəmə malikdir. Dolambac - labirintəbənzər küçələri ilə özünü yayın istisindən, qışın “Xəzri”sindən qoruyan bu İçərişəhərin bəyaz hörgülü, qır damlı tikililərinin ritmindəki gözəlliyi müəllif böyük ustalıqla üzə çıxarmışdır. Odur ki, belə məkanlar Cəlal Ağayevin təqdimatında qürurvericidir, desək, yanılmarıq...
Cənc rəssamın bədii-texniki sahədə təcrübəsi vaxt etibarilə qısa olsa da, əsərlərinin bədii həllində bunun əksini görürük. Əslində, hər bir əsərin yaranmasına böyük vaxt sərf etməyən rəssam, hər dəfə kətan üzərində şaşırdıcı təəssürat oyadan rəng qatı yaratmağa nail olur. Qənaətimizcə, bu ilk növbədə onun yaradacaqlarını öncə iç dünyasında tam ərsəyə gətirib - “bişirib” gerçəkləşdirməsinin nəticəsidir. Elə bu səbəbdən də gənc olmasına baxmayaraq Cəlal Ağayevin heyrət dolu əsərləri tamaşaçı qəlbinə yol tapandır...
Sərgi 16 aprel tarixinədək davam edəcək. Sərgiyə giriş sərbəstdir.