Azərbaycan kinosunun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi

03.04.2018 - 04.04.2018

Tədbirin təntənəli açılışı: 3 aprel 16:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Dövlət Film Fondu, Muzey Mərkəzi

3 aprel, saat 16.00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycan kinosunun 120–illiyinə həsr olunmuş “Azərbaycan kinosu afişalarda” adlı sərginin açılışı baş tutacaqdır.
İncəsənətin bütün sahələrinin geniş yayılması, təbliği üçün ictimaiyyət arasında geniş informasiya yayan mühüm vasitələrdən biri də afişalardır.
Kino yarandığı gündən afişaların onun təbliği istiqamətində rolu əvəzsizdir. XIX əsrin sonlarında (02.08.1898) yaranan Azərbaycan kinosunun ilkin nümayişləridə afişalar vasitələ cəmiyyətdə müəyyən təəssürat yaradıb. Bu mənada afişaları cəmiyyətin maariflənməsində yardımçı olan ilkin nəşr də adlandırmaq olar.
Bilirik ki, filmlər ilkin mərhələdə rəssamların illüstrasiyaları sayəsində yaranır, rejissor tərəfindən bəyənilib, təsdiqlənir. Sonralar isə rəssamların yaradıcılığı əsasında filmlərin interyer və eksteryerləri müyyənləşdirilir, ekran əsərlərinin çəkilişləri reallaşır. Onuda qeyd edək ki, təsadüfi seçilməyən afişalarda obrazların xarakterləri və əsərin xüsusiyyəti də müəyyənləşdirillir. Rəssamın obrazlı təfəkkürünə təbii ki, filmin quruluşçu rejissorunun, operatorunun bilikləri də əlavə olunur.
1920-30-cu illərdə kinomuzun səssiz dövründə bədii təsvirin mühüm vasitəsi kimi montaj kinoplakatın quruluşunun kompozisiya üslubuna həlledici təsir göstərib. 1950-ci illərdən etibarən isə müasir kinonun təsvir vasitələri kinoplakat rəssamının yeni qrafik təsvir vasitələrinin axtarışlarını özündə əks etdirib. Filmin yaradıcılarının təkcə obrazlı təfəkkür üsulu yox, həm də kadrların (iri plan, detal, kompozisiya, peysaj) statik təsviri kinoplakatlarında yer alıb.
Bu il Azərbaycan kinosu 120 yaşını qeyd edir. Bu illər ərzində çəkilən filmlərdə kinorəssamlarımız müxtəlif janrlı filmlərə kinoplakatlar çəkib, fotomontajlar hazırlayıb. Rəssamlar kinoplakatları hazırlayarkən təbii ki, kinematoqrafik vasitələrin təsir (obrazlı təsvir) gücündən bacarıqla istifadə edirlər. Bu da kinoplakatlarında hələ ilkin mərhələdən tamaşaçıda filmlərin mövzusu, rejissor ideyası, aktyor ansamblı haqqında ilkin təəssürat yaradır. Bu mənada ustalıqla yaradılan kinoplakatlarını filmərin təbliği, baxılması, sevilməsi baxımından əsas amil hesab etmək olar.
Əziz kinosevərlər, Azərbaycan kinosunun 120 illiyinə həsr edilən "Azərbaycan kinosu afişalarda" adlı olduqca maraqlı sərgini diqqətinizə çatdırırıq.
Sərgi aprelin 4- dək davam edəcək. Sərginin iş saatları: 10.00-dan 18.00-dək.