Tanınmış rəssam Əbülfəz Fərəcoğlunun (Cabbarov) “QAÇIŞ NÖQTƏSİ” adlı fərdi sərgisi

Sərgi qalereyası
12.05.2023 - 16.05.2023

Muzey Mərkəzinin Sərgi Qalereyası tanınmış rəssam Əbülfəz Fərəcoğlunun (Cabbarov) “QAÇIŞ NÖQTƏSİ” adlı fərdi sərgisinə dəvət edir. Ekspozisiyada rəssamın 16 qrafik və 91 rəsm əsəri nümayiş olunacaq.

Müasir təsviri sənətdə baş verən bədii proseslərin mürəkkəb qatlarında bəzən əvvəlcədən nəzərdə tutulmamış hadisələrlə də qarşılaşmalı olursan. Başqa sözlə desək, ümumi axın hamının duyğularını cilovlasa da, elə bir qüvvə tapılır ki, tamaşaçı diqqətini cəlb edə və onun rəğbətini qazana bilir. Belə ki, seyrçi çağdaş təsvir konsepsiyalarının mürəkkəbləşdirilmiş simvolika və paradokslarından sanki bir az yorulmuş kimi görünür və təbii olaraq ona tuşlanmış belə sakit və etibarlı səsə minnətdarlıq hissi ilə tez reaksiya verir. Ötən əsrin son qərinəsində (1982) Azərbaycan təsviri sənət məkanında ilk addımlarını atmağa başlayan Əbülfəz Fərəcoğlu belə “səs” sahiblərindən olmuşdur. Rəssamın “Qaçış nöqtəsi” adlanan yeni fərdi sərgisində onun özündə ənənə və müasirliyi birləşdirən əsərləri ilə tanış olmaq mümkündür.

Rəssamın qırx ili əhatə edən yaradıcılığında yer alan rəngkarlıq və qrafika əsərlərinin estetikası ilk növbədə bir qayda olaraq yenilənməyə meyilli olduğundan, onun həm Azərbaycanda, həm də xarici ölkələrdə təşkil olunmuş sərgilərdə nümayiş etdirdiyi müxtəlif janrlı əsərləri daima tamaşaçıların diqqət mərkəzində olmuşdur. Gerçəkliyə inamsızlığın ifadəsi olan belə sənət nümunələrində görünənlər həm də rəssam təxəyyülünə bələdiyindən, çox vaxt cəlbediciliyi ilə yanaşı, həm də düşündürücü qəbul olunurlar.

Qənaətimizcə onun yaratdığı müxtəlif janrlı əsərlərin bədii-estetik yeniliyi-modern tutum alması onlarda müəllifin məlum sənət meyarlarını yeniləşdirmək cəhdlərinin uğurla sonuclanması, ideoloji yükdən uzaq olan bu əsərlərdə rəngləri adi boya mahiyyətindən çıxarmağın qeyri-adi təzahürləri idi. Bunun mayasını rəssamın hər şeydən öncə gördüklərindən özünəməxsus heyrətlənmək istedadı təşkil etdiyindən bu əsərlər – bu cür fərqli və özünəməxsus şərh başqaları üçün də duyulası dərəcədə yeni və maraqlı idi. Rəssam gördüklərini tanımaq üçün yox, tanıtmaq üçün çəkdiyindən obyektə aludəçilikdən və “təslimçilikdən”, sonda isə özünün şəkilçilikdən yüksəkdə durduğunu nümayiş etdirirdi.

Belə əsərlərdə sanki dünyamız öz ənənəvi görkəmini itirmiş kimidir. Rəssamın öz yaşantılarına zamanın psixoloji çətirinin kölgəsini salmağa nail olmasındandır ki, hələ də bizimlə qoşa addımlamaqda olan mənəvi-psixoloji problemlər bir qədər də “çılpaq” görünür, tamaşaçının nə vaxt uçduğunu unudan duyğularını qanadlandırır.

Bütünlükdə Əbülfəz Fərəcoğlunun müxtəlif mövzuları və janrları əhatə edən avanqard yönlü yaradıcılığını ilhamın naturaya tabe olunmamasının əyani nümayişi saymaq olar. Elə müxtəlif hadisə, motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizələrdən keçirilmiş biçimdə təqdimatı da bundan irəli gəlir. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində layiqli yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti ifadə etmiş olarıq. Odur ki, rəssamın ən müxtəlif mövzulu əsərlərini tamaşaçı sərgi salonlarında axtarmaqdadır...

Rəssamın ömür yolu haqqında:
O, 1956-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. İxtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1977-1981) almışdır. 1982-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildə Beynəlxalq Plastik Sənətlər Birliyinə üzv seçilmişdir. 1981-1994-cü illərdə Naxçıvan İncəsənət Məktəbində müəllim işləmişdir. 1997-ci ildən 2020-ci ilə kimi Türkiyə Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1985, 1987-ci illərdə Naxçıvan, 1989 Ukrayna, 1992 Almaniya, 1997, 1998, 1999, 2000, 2001, 2004, 2005, 2006, 2008, 2010, 2012, 2014. 2016, 2017. 2019 və 2020-ci illərdə Turkiyədə fərdi sərgiləri keçirmişdir. O, Naxçııvan (1982,1983,1984,1988,1996, 2012), Bakı (1984, 1989, 1990, 1991, 1994, 1996), Moskva (1986, 1993), Təbriz (1995), Urmiya (1997), İstanbul (2000, 2001, 2003, 2005, 2007, 2008, 2010), İzmir (200, 2004, 2006, 2009, 2010), Dubay (2015) şəhərlərində və dünyanın bir çox olkələrində, Amerika Birləşmiş Ştatları, Yaponya, Danimarka, Almaniya, Bolqarıstan, Fransa, Polşa, Rusiya, Ukrayna, Turkiyə, İtaliya, Belçika, İngiltərə, Avstralya, Çin və İranda kecirilən qarışıq sərgilərdə həm qrafika, həm də rəngkarlıq əsərləri ilə iştirak etmişdir. “Naxçıvan - bəşəriyyətin beşiyidir” I Beynəlxalq Rəsm Festivalında iştirak etmişdir (2012). Bakıda Xətai Sənət Mərkəzində kecirilən Qrafika əsərləri musabiqəsində I, “Xocalı Soyqırımı” müsabiqəsində isə II yerin qalibi olmuşdur (2019).

İnformasiya dəstəyi: Azernews.az , Day.az , Milli.az , Trend.az