İqor Stravinskinin "Свадебка"sı və Rus musiqisində arxetipik başlanğıc

Akt zalı
19.04.2024

Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzi növbəti maraqlı tədbirini ictimaiyyətə təqdim edir: 19 aprel, saat 16:00-da Muzey Mərkəzində (akt zalı, 3-cü mərtəbə) bəstəkar, musiqişünas, kulturoloq Elmir Mirzəyevin “İqor Stravinskinin «Свадебка»sı və Rus Musiqisində Arxetipik Başlanğıc” adlı mühazirəsi keçiriləcək.

Elmir Mirzəyev (1970*) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə (professor Fərəc Qarayevin sinfi) təhsil almış, elə tələbəlik illərindən nüfuzlu beynəlxalq proqramların, ustad dərslərinin, seminar və kursların iştirakçısı olmuşdur. E.Mirzəyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə yanaşı (1998-2002), Köln Konservatoriyasında (2007) dərs demiş, Almaniya, Gürcüstan, Çexiya, Özbəkistan, Türkiyə kimi ölkələrdə mühazirələr keçirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, E.Mirzəyev 1995-ci ildə postsovet dövrünün ilk müasir musiqi kollektivi olan SoNoR ansamblının təşkilatçılarından olmuşdur.

19 aprel saat 16:00-da Muzey Mərkəzində keçiriləcək mühazirədə E.Mirzəyev XX əsrin klassik bəstəkarı İqor Stravinskinin (1882-1971) 1923-cü ildə Parisdə premyerası keçirilmiş “Свадебка” (Toy mərasimi) əsəri, tarixi və estetik konteksti və mədəniyyət tarixindəki yeri kimi xüsusi məqamları barəsində bəhs edəcəkdir.