“Muzeydə Musiqi Gecələri” Rəhilə Həsənova – portret-konsert

Akt zalı
29.01.2024

Bakı Müasir Musiqi Cəmiyyətinin və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Muzeydə Musiqi Gecələri” sizi növbəti portret-konsertinə dəvət edir. 29 yanvar saat 18:30-da Muzey Mərkəzində (III mərtəbə, akt zalı) keçiriləcək portret-konsert bu dəfə bəstəkar Rəhilə Həsənova yaradıcılığından bəhs edəcək.

R.Həsənova çağdaş Azərbaycan musiqisinin ən işarəvi və özünəməxsus simalarından biridir. Bəstəkar öz ideyalarını müxtəlif məxəzlərdən – Azərbaycan xalqının mərasimləri, qədim oyunları, dini musiqi, təsəvvüf fəlsəfəsi, xalça sənətindən əxz edir. Bu sırada xalçalardakı rəmzləri, ornamentləri, həndəsə və rəqəmlərlə bağlı təkrarlanan fiqurların musiqi analoqunu yaratmaq istəyindən doğan məxsusi “musiqili xalça qalereyası” (“Pirəbədil”, “Zili”, “Vərni” və s.) xüsusi maraq doğurur. Eyni zamanda R.Həsənova akademik musiqiyə dini musiqinin janr və formalarını, sufizm ilə bağlı süjet və obrazlar gətirmişdir (“Dərviş, “Mərsiyə”, “Qəsidə” və s.). “Səma’” kompozisiyası 1999-cu ildə Amsterdamda Milleniuma Rekviyem – “Yeni Dini Musiqi” (Festival Niewu Spirituele Muziek) festivalında A.Pyart, G.Kançeli, C.Adams, Tan Dun, G. Brayersın ( Bryars) əsərləri ilə bir sırada ifa edilib: R.Həsənova bu festivalda islam dünyasını təmsil edən yeganə bəstəkar olub.

R.Həsənovanın bəzi üslub xüsusiyyətləri – cəlb olunan materialın minimuma qədər reduksiyası, repetitivlik – minimalizm cərəyanının “klassik” nümunələri ilə paralellər doğurur. Halbuki bəstəkar üçün minimalizm – etnomədəniyyətin məxsusi əlamətlərini əks etdirmək, dramaturji xəttin dinamizasiyası və musiqinin emosional təsir qüvvəsinin artırılması vasitəsidir.

Bəstəkarın opuslarının toxuması multipolifoniya prinsipi əsasında qurulur. Bu cəhəti bəstəkar özü “holopolifoniya” (total polifoniya) termini ilə qeyd edir. “Tikinti materialının” qənaətcilliyi şəraitində musiqinin ritm baxımdan təşkilində müxtəliflik və zənginlik də diqqəti çəkir.

Son zamanlar o, elmi bilikləri emosiyalar süzgəcindən keçirib öz üslubunu yeni cəhətlərlə zənginləşdirməyə çalışır. Bəstəkar əmindir ki, musiqidə gözəllik önəmlidir və dəqiq məntiq həmin ali gözəlliyi təmin edən amildir.

Son illərin əsərlərinin adları da səciyyəvidir: burada doğma “Yurt”, “Qavaldaş”, “Xəzri–Gilavar”, “Yallıvari” ilə yanaşı, simfonik orkestr üçün “Eos-Helios”, “Perfect Equilibrium” piano kvinteti, “Solar Winds” ağac nəfəs alətləri kvarteti, solo bass clarinet üçün “Penetrations” kimi əsərlər var.

R.Həsənovanın əsərləri vətənindən kənarda – ABŞ, İngiltərə, Almaniya, Avstriya, İtaliya, Fransa, İsveçrə, Rusiya, Ukrayna, Niderland, Yaponiya, İsrail və başqa ölkələrdə ifa olunur, nüfuzlu beynəlxalq festivalların proqramına daxil edilir. ABŞ, Böyük Britaniya, Almaniya və Polşada bəstəkarın müəllif konsertləri böyük uğurla keçirilib. 2004-cü ildə Almaniyada “Derwisch” adlı kompakt-diski işıq üzü görüb. R.Həsənova İtaliyada Adkins Chiti tərəfindən yaradılan “Donne in Musica” fondunun ard-arda 3 festivalında (1998-2000-ci illər) Azərbaycanı təmsil edib. 1993, 2003-cü illərdə Bakıda R.Həsənovanın “Merac gecəsi” adlı müəllif konsertləri baş tutub.

Sizin musiqiniz böyük hadisədir... Mümkün qədər çox gözəl musiqi yazın. Sizin “Pirəbədil”i və Piano sonatanızı son zamanlar bir neçə dəfə dinləmişəm. Mən bu musiqini sevirəm və onun təravətli səslənməsinə, musiqi ideyalarınıza heyranam”. Kşiştof Meyer

Mən “Səma’”nı çox, çox, çox... bəyənirəm! Burada forma və məzmunun ideal vəhdətinə nail olmusunuz. Sizin musiqinizdə, ritual rəqsində, Kainatda olduğu kimi, hər şey ara vermədən hərlənir, hərəkət edir...” Zmira Lutski (Lutzky), “Israel Contemporary Players” ansamblının musiqi rəhbəri

Onun yaradıcılığında orijinal, fərdiləşdirilmiş musiqi materialı cazibədar – anlaşılması çətin və bu səbəbdən daha da sirli – dramaturgiya ilə vəhdət yaradır. Mən onilliklər ərzində həm Yuqoslaviya, həm də Avropada keçirilən çoxsaylı müasir musiqi festivallarında (Donaueşingen, Kassel, Paris, Varşava və s.) olmuşam. Külli miqdarda əsər dinləmişəm və Rəhilə Həsənovanın yaratmalarının məni nə üçün həmişə təəccübləndirdiyinə cavab axtarmışam. Biz tamamilə müxtəlif şəxsiyyətik, müxtəlif sosial sistemlərdə, ənənələr, təhsil sistemləri çərçivəsində formalaşmışıq. Görünür, R.Həsənovanın musiqisi mənim emosional və mənəvi durumuma uyğun gəlir... Onun musiqisi olmasaydı, bu yeganə və bənzərsiz həyat xeyli kasadlaşardı”. Duşan Mixalek

Portret-konsertdə bəstəkarın “Tetraksis” simli kvarteti (1995), solo piano üçün “Yasəmən ləçəkləri” (1998), “Perfect Equilibrium” (“Mükəmməl tarazlıq”) piano kvinteti (2016) və iki violin üçün “Rondo for two” (2012) əsərləri ifa olunacaq. Konsertin solistləri Rəna Fəhradova (piano), Fatimə Nəsirli (violin), Ümid Mustafazadə (violin), moderator musiqişünas Şəfaqət Məmmədovadır. Musiqili gecənin xüsusi məqamlarından biri də odur ki, əsərlər professor Zümrüd Dadaşzadənin təqdimatı ilə səslənəcək.

Mətnin müəllifi: musiqişünas, prof. Zümrüd Dadaşzadə