Pərviz Abasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi Azərbaycan ədəbiyyatında qəzəl janrının parlaq siması olan Əliağa Vahidə həsr olunub

Sərgi Qalereyası
26.04.2024 - 05.05.2024

Çoxsaylı xahişləri nəzərə alaraq Pərviz Abasovun “Biz kimik, məclis onun məclisidir” adlı sərgisi 5 may 2024-cü il tarixinə qədər davam edəcək (5 may da daxil olmaqla)

Müasir Azərbaycan incəsənətini öz individual yaradıcılıq fəaliyyəti ilə təmsil edən istedadlı gənc rəssamlarımızdan biri də Pərviz Abasovdur. Bədii tərzi olduqca maraqlı olan rəssam rəngkarlıq, heykəltəraşlıq və illüstrasiya sahəsində maraqlı əsərlərin müəllifidir.

Pərviz Abasov 1992- ci ildə Bakı şəhərində anadan olub. Onun rəsmə qarşı marağı uşaqlıqdan yaranıb. Belə ki, rəssam uşaqlıq illərində müxtəlif rəsm dərnəklərinə gedərək incəsənət aləminə öz addımlarını atmışdır. Gənc rəssam 6-7 yaşlarından rəsm və heykəltəraşlıqla məşğul olmuşdur. O, ilk öncə rəssamlıq təhsilini 2008- 2012 – ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Kollecində “Heykəltəraşlıq” ixtisası üzrə almışdır. İstedadlı gənc rəssam 2015-2019 – cu illərdə bu ixtisas üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsilini almışdır. Özünü bu ixtisasda daha da təkmilləşmək üçün o, 2021-2022 - ci illərdə həmin Akademiyada heykəltəraşlıq ixtisası üzrə magistr təhsili almışdır. Pərviz Abasov təhsil aldığı akademiyada Azərbaycan xalq rəssamı, görkəmli heykəltəraş Fuad Salayevdən heykəltəraşlıq üzrə dərs almışdır. Fuad Salayevin yaradıcılıq emalatxanasında təhsil alması onun gələcəkdə yaxşı rəssam kimi yetişməsində müstəsna rol oynamışdır.

Pərviz Abasov heykəltəraşlıq üzrə təhsil almağına baxmayaraq, o, öz yaradıcılıq yolunu rəngkarlıqda, rənglərdə tapa bilib. Rəssam düşünür ki, özünü rənglərlə daha yaxşı ifadə edə bilir və istədiyini rahatlıqla tamaşaçıya çatdırır. Pozitiv xarakterə malik olan rəssam yaratdığı rəngkarlıq əsərləri daha doğru desək, rənglərlə bu emosional pozitivliyi onu izləyən tamaşaçıya ötürə bilir. Onun əsərləri hər hansı fəlsəfə məzmun daşıyıcısı deyil də, ancaq pozitiv, müsbət enerjini ötürür.

O, 2019- cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Gənc rəssam bir çox sərgi və müsabiqələrdə iştirak etmişdir. Pərviz Abasov 2016- cı ildə 25 Gallery tərəfindən təşkil edilən "Ayaqqabı" adlı sərgidə “Yeni addım” adlı heykəl işi ilə iştirak etmişdir. O, 2018- ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) 160 illik yubileyi ilə bağlı təşkil edilən “Gəmiçilik – 160” adlı incəsənət müsabiqəsinin və 2023-cü il Heydər Əliyev mərkəzində keçirilən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Əsrin 100 çaları" adlı sərginin iştirakçısı olmuşdur.

2019 – cu ildə rəssam böyük türk sərkərdəsi, Osmanlı ordusunun generalı Nuri Paşanın büstünü hazırlamışdır. Hal-hazırda büst Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyində qoyulub. Sifarişlə hazırlanan bu büst öz orijinallığı seçilir.

Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirilməsi nəzərdə tutulan sərginin adı “Biz kimik, məclis onun məclisidir” sərginin adı çağdaş Azərbaycan ədəbiyyatında qəzəl janrının parlaq siması olan Əliağa Vahidin qəzəlindən götürülmüşdür.

Sərginin açılışı öz konsepsiyasına uyğun olaraq, maraqlı şou ilə başlanması nəzərdə tutulur. İlk olaraq, açılış Əliağa Vahidin həyatından bəhs edən “Qəzəlxan” filmindəki fraqmentlə başlayacaq. Həmin fraqmentdə səslənən “Biz kimik, məclis onun məclisidir” misrası sərginin adında da öz əksini tapmışdır. Giriş hissədə 4 və ya 6 aktyor həmin filmdəki musiqi fonunda eyni qaydada “çırtma” vuraraq sərginin açılışı olunacaq. Bu aktyorlar rəssamın obrazlarını yaratdığı personajları rəngli geyimlərlə canlandıralacaqlar.

Sərginin ideyası köhnə Bakını və onun ənənələrini yaşatmaqdır. Çəkilmiş bu əsərlərin hər biri özü - özlüyündə qədim Bakının hər anını ehtiva edərək, tamaşaçını zamanınn səyahətinə çıxarır. Pərviz Abasovun Bakıya və onun keçmiş adət-ənənələrinə olan məhəbbbəti əsərlər üzərində təkcə tematikası baxımından deyil, eyni zamanda çəkilmə tərzi və texnikası baxımından da bir-birini tamamlayır. “Mərdəkan”, “Bilgəh”, “Ciyər axşamı” kimi əsərlərdə o dövrün toy adət-ənənəsi, məhlədə nərd oynayan Bakı sakinləri, Bakının küçələri təsvir olunmuşdur. Unudulmaqda olan köhnə Bakı adət-ənənələri və ona olan bağlılıq rəssamın bu mövzuda silsilə əsərlər yaratmağa cəlb etmişdir. Bu əsərlər rəssamın dəsti xəttini özündə göstərərək sərginin önəmli bir hissəsini əhatələyir. Gənc rəssam bu rəsmlərdə ənənə və müasirliyin birləşməsini əks etdirməyə çalışmışdır. Onun milliliyə və ənənəviliyə duyduğu marağı göstərən başlıca amil yaratdığı səmimi təsvirlərdir.

“Kişi salonu”, “Back to homeland”, “No money, no funny”, “Puzzle”, “Əziz bakılılar və şəhərimizin qonaqları”, “Kubrick”,”Li homies”, “Pul olsaydı gedib gezərdüy arvad”,”Azneft”, “Face of Baku” və.s. əsərləri rəssamın mənəvi və bədii səciyyəyə malik olan kompozisiyalarıdır. Pərviz Abasovun yaradıcılığında ilk diqqəti cəlb edən bərq vuran al-əlvan rənglərdir. Bu al-əlvan rənglər modern forma və cizgilərə çox yaraşır. Demək olar ki, bu əsərlər rəssamın kolorit seçiminin ən gözəl təzahürləridir.

O, əsərlərində sintez etməyi çox sevir. Belə ki, hər hansı Bakı toy axşamında Tupac və Biggienin meyxana deyişməsinin kətan üzərində təsvirini görə bilərik.Bu sintez onu və əsərlərini digər rəssamlardan fərqləndirən xüsusiyyətdir. Rəssamın düşüncəsi belədir ki, hər yerdə həyat eynidir təkcə fərqli olan personajlardır.

Rəssamın toxunduğu mövzular: məkan, şəhər mənzərələri – küçə, körpü, ev, və.s. rəsssamın yaradıcı təxəyyülünün ecazkar rənglər vasitəsilə yaradılıb. Elə bu baxımdan rəssam öz fərqli yaradıcı dünyasını və yaradıcılıq qabiliyyətini göstərməyə, təcəssüm etməyə çalışmışdır.

Rəssamın illüstrasiyaları da mövzu və texnika baxımından diqqəti cəlb edəndir. Onun yaratmış olduğu illüstrasiyalar nümunələrində də müxtəlif mövzulara həmçinin Bakı mövzusuna rast gəlmək olar. Pərviz Abasovun kompozisiyalarında kollaj və instalyasiya elementləri də aparıcı yer tutur.Kollaj və instalyasiya elementləri daha çox rəssamın rəngkarlıq kompozisiyalarında öz əksini tapmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, Pərviz Abasovun əsərlərində iki fərqli zamanın sintezi, uğurlu vəhdətini görmək mümükündür. Sərgidə “Love is..” seriyalı maraqlı rəsmləri və dünya musiqi tarixində yer almış məşhur reper Tupak Amaru Şakurun heykəlləri də yer almaqdadır.Reper Tupac Amaru Şakurun rəngkarlıq kompozisiyalarında rast gələ bilərik.

Ekspozisiya xüsusi olaraq,bu sərgi üçün hazırlanmış video-instalyasiya və şou-proqram ilə müşayiət olunması nəzərdə tutulur. Vernisajda rəssamın 80 ədəd rəngkarlıq, 20 ədəd illüstrasiya və 13 ədəd heykəl işinin nümayiş olunması nəzərdə tutulur.İstedadlı gənc rəssam Pərviz Abasovun yaradıcılıq fəaliyyəti Azərbaycan rəngkarlığının müasir konteksdə inkişafı üçün böyük təkandır.

İnformasiya dəstəyi: Azərtac, Azernews.az, Day.az, Milli.az, Trend.az, Turkic world