«Zəfərin rəngi» rəsm müsabiqəsinin yekun sərgisi

Sərgi Qalereyası
24.11.2023 - 25.11.2023

Noyabr ayının 24-ü “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 8 Noyabr Zəfər Gününə həsr etdiyi “Zəfərin rəngi” adlı rəsm müsabiqəsinin yekun sərgisinin açılış mərasimi baş tutacaq. Tədbir Muzey Mərkəzinin Sərgi Qalereyasında keçiriləcək. Layihənin təşkilati dəstəkləri Azərbaycan Rəssamlar İttifaqı, Muzey Mərkəzi və “Lekal” şirkətidir.

Münsiflər heyətinin tərkibində olan Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xaq rəssamı, professor Ağaəli İbrahimov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının “Kitab qrafikası” bölməsinin rəhbəri, Şöhrət ordenli Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının “Dekorativ – tətbiqi sənət” bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, sənətşünaslıq üzrə fəsləfə doktoru, Əməkdar İncəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Sənətşünaslıq” bölməsinin rəhbəri Ziyadxan Əliyev, o cümlədən “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli həvəskar və peşəkar kateqoriyaları üzrə qalibləri müəyyən ediblər.

Qeyd edək ki, “Zəfərin rəngi” rəsm müsabiqəsinin məqsədi gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılması, tarixi qələbəni gənclərin gözü ilə görmək və onların inkişafını dəstəkləməkdən ibarətdir. Layihədə 16 yaşdan yuxarı gənc rəssamlar iştirak ediblər.

Qaliblər tədbir günü mükafatlandırılacaq.

Ekspozisiyanın iş saatı: 25 noyabr, 10.00 - 18.00 (giriş sərbəstdir)