Muzeylərin ali missiyası
"Kaspi" qəzeti
06 avqust 2011

Muzeylərin ali missiyası

Gülnarə Cavadova

Liana Vəzirova: gözəlliklə görüşə təkcə incəsənətlə məşğul olanlar gəlməməlidir

Mədəniyyət və Turizm Nazirliyinin paytaxtımızın əsas mədəni-maarif mərkəzlərindən biri hesab olunan Muzey Mərkəzi son illər həm xarici görünüş, həm də məzmun baxımından tanınmaz dərəcədə dəyişilib. Bakılılar və şəhərimizin çoxsaylı qonaqları bu məbədi tez-tez ziyarət etməyə başlayıblar. Və bu, bütün dövrlərdə muzeylərə tələbat olduğuna dair daha bir sübutdur.

- Bir dəfə muzeyə gələn hər kəs gözəlliyin bir hissəsini qəlbində saxlayır və illər keçəndən sonra öz övladlarını bura gətirir, - Muzey mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Liana Vəzirova belə deyir - biz onunla rəhbərlik etdiyi mədəniyyət ocağının divarları arasında görüşdük. - Muzey daim dəyişən ekspozisiyaları və yeni proqramları olan bir müəssisədir. Burada Azərbaycan xalqının sərvəti olan eksponatlarda keçmişin ruhu əks olunmaqla yanaşı, bu eksponatlar, həm də, kütlələr arasında böyük elmi-maarifçilik və pedaqoji işlərdə əlaqələndirici rolu oynayır. Burada incəsənət sərgiləri, musiqi axşamları, maraqlı insanlarla görüşlər keçirilir.

- Şübhəsiz ki, bütün bunlar çox vaxt aparır. Ziyarətçiləri cəlb etmək üçün sizin tərəfinizdən hansı işlər görülür?
- Bilirsiniz, gözəlliklə görüşə təkcə incəsənətin bu və ya digər növü ilə məşğul olanlar deyil, həm də zövqləri hələ müəyyənləşməyənlər də gəlməlidirlər. Bu, ilk növbədə, gənc nəslə - məktəb şagirdləri və ali məktəb tələbələrinə aiddir. Vətən sevgisi gənc yaşlarından aşılanmalıdır. Muzeylərdə olduğu kimi, yeniyetmə keçmişin irsi ilə başqa harada təmasda ola bilər?
Dünyada çox səyahət edə bilərsiniz, bu və ya digər ölkənin görməli yerlərini ziyarət edə bilərsiniz, ancaq ölkənizin hansı mədəni və tarixi dəyərlərə, hansı irsə sahib olduğunu, milli muzeylər tərəfindən hansı mənəvi dəyərlərin diqqətlə qorunduğunu bilmirsinizsə, özünüzü yüksək mədəniyyət sahibi hesab edə bilməzsiniz.

- Son illər Muzey Mərkəzi tərəfindən konkret olaraq hansı layihələr icra edilib?
- Onların sayı kifayət qədər çoxdur. Məsələn, 2007-ci ildə Muzey mərkəzində UNESCO-nun Moskva Bürosunun və Azərbaycan Respublikasının UNESCO işləri üzrə Milli Komissiyasının dəstəyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə işi olan "Rus muzeyi: virtual filial" informasiya-maarifləndirmə mərkəzi yaradılıb - mərkəz, Rus muzeyinin ilk xarici ölkə paytaxt-filialı oldu. "Rus muzeyi: virtual filial" layihəsinin növbəti mərhələsi 2009-cu ildə yenə də UNESCO-nun Moskva Bürosunun dəstəyi ilə yaradılmış Muzey Mərkəzinin veb-saytı olub. Bu veb-sayt vasitəsilə üç dildə - azərbaycan, rus və ingilis dillərində - virtual məkanda təkcə Rus mədəniyyəti deyil, həm də Azərbaycan mədəniyyəti xaricdə təmsil edilir.
Bu istiqamətdə konkret addımlar Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratmaqdır. Hər şeydən əvvəl, bu, Azərbaycanda yaşayan insanlara aiddir, onlar multimedia proqramları vasitəsilə ölkədən kənara çıxmadan dünyanın məşhur muzeylərini virtual olaraq ziyarət edə, tanınmış fırça ustalarının yaratdıqları gözəl rəsmlərlə tanış ola bilərlər. Bu il dialoq və inkişaf naminə Ümumdünya mədəni müxtəliflik günü münasibətilə tərəfimizdən tələbə və məktəblilər üçün yeni muzey-təhsil proqramı hazırlanıb. Proqram muzeyimizin ali və orta ümumtəhsil və tədris müəssisələri ilə əməkdaşlığını nəzərdə tutur.
Dəfələrlə xidməti ezamiyyətlərdə olaraq xarici həmkarlarının iş təcrübəsi ilə tanış olan Liana xanım hər dəfə yeni təəssürat və ideyalarla geri qayıdır, onların bir qismini öz işində reallaşdırmağa çalışırdı. Bu gün Muzey mərkəzi Rusiya, Almaniya, Norveç, Fransa, Gürcüstan muzeyləri ilə sıx yaradıcılıq əlaqələri saxlayır.
Sərgilər, təqdimatlar, konsertlər... Muzey mərkəzində hər il onlarla belə tədbir keçirilir. Məsələn, bu il burada tanınmış rəssamlardan - Mirnadir Zeynalovun, Fərhad Xəlilovun, Rasim Babayevin, Nazim Bəykişiyevin, Ağəli İbrahimovun, Ənvər Əsgərovun, Mais Ağabəyovun fərdi sərgiləri keçirildi; gənc rəssam Nairə Rüstəmovanın əsərləri nümayiş etdirildi, Lalə Ağayeva-Lambert və digərlərinin fotosərgiləri baş tutdu. Kollektivin tam keyfiyyətlə işləməsi üçün burada hər şey daimi yenilənmə əsasında qurulub. Yeri gəlmişkən, yaxın perspektivdə Muzey Mərkəzinin öz internet klubu, muzey-mağazası, uşaq otağı, kafe, kompyuter sinfi və s. olacaq.

- Son illər Azərbaycana xarici turistlərin axını xeyli artıb. Ziyarətçiləriniz arasında xaricilər çoxdur?
- Hər halda, onların sayı az deyil. Bakıda keçirilən beynəlxalq festivallarda, elmi simpoziumlarda və konfranslarda iştirak edənlərin bir çoxu, onları öz ekspozisiyalarının müxtəlifliyi ilə qarşılayan Muzey mərkəzinə baş çəkməyi vacib hesab edirlər. Axı, muzeylər bu və ya digər xalqın tarix və mədəniyyət xəzinəsidir. Azərbaycanda muzeylər dövlət başçısı İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın daim qayğı və diqqət mərkəzindədir. Onların qayğısı sayəsində ölkənin bir çox muzeyləri əsaslı şəkildə bərpa olunmuş, ekspozisiyalar yenilənmişdir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda müasir incəsənət Muzeyi tikilib, Azərbaycan dövlət xalça və xalq tətbiqi sənəti muzeyi üçün yeni bina inşa edilir. Perspektivdə - Musiqi mədəniyyəti muzeyi və "İstiqlaliyyət" muzeyi üçün binaların tikintisi var.
Gələn il Bakı Eurovision-2012-yə sahiblik edəcək. Bununla əlaqədar paytaxtımıza bu məşhur Avropa müsabiqəsinin şahidi olmaq istəyən çoxlu sayda turistlərin gəlişi gözlənilir. Onların bir çoxu isə ölkəmiz, onun tarixi, mədəniyyəti haqqında mümkün qədər çox məlumat əldə etmək istəyirlər. Və bu zaman muzeylər, rəsm qalereyaları və digər mədəniyyət müəssisələri onların xidmətinə verilir. Burada gördüklərinin hamısı onlara ölkəmizi, xalqımızı, zəngin Azərbaycan mədəniyyətini daha yaxşı tanımağa kömək edəcək.

- Gələcək üçün nə kimi planlarınız var?
- Onlar kifayət qədərdir. Gələn il "Sərgi qalereyaları - "Sport-Art" konseptual incəsənət sərgisi” adlı yeni layihəni həyata keçirməyi planlaşdırırıq. Bu mövzu uzun illər unudulmuşdu. Həmçinin, I Bakı Beynəlxalq kukla biennalesinin, Azərbaycan rəssamları Marqarita Kərimova-Sokolovanın 70 illik yubileyinə həsr olunmuş fərdi sərgisinin, Məmməd Rəşidovun, Natiq Əhmədzadənin, "Azərbaycan turistlərin gözü ilə" sərgisinin və digər tədbirlərin keçirilməsi planlaşdırılır.