Fransalı Patrik Kalafatonun ifasında konsert proqramı

16.04.2009

Dairəvi Zal

16 aprel, 2009-cu il tarixində Muzey Mərkəzinin Dairəvi Zalında Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Patrik Kalafatonun ifasında konsert proqramı olmuşdur.

Patrik Kalafato 6 aprel, 1974-cü ildə Fransanın Tarb şəhərində anadan olmuş, 3 yaşından fortepianoda çalmağı öyrənməyə başlamışdır. Sonra skripka onu cəlb etmiş və o, 10 il ərzində bu alətdə çalmağı öyrənmişdir. 1991-ci ildə Patrik Kalafato, müəllimi Stefan Kamasanın sayəsində dərin və hərarətli səslənən altonun cazibəsinə məftun olmuşdur.

1997-ci ildə o, Tasso Adamopulosun sinfində oxuyaraq, Paris Ali Konservatoriyasının 1-ci mükafatını qazanmış və bir il sonra Bordo Akviten Dövlət orkestrində işləməyə dəvət almışdır. Eyni zamanda o, müxtəlif qruplarla, xüsusilə də simli kvartetlərlə kamera musiqisi sahəsində çıxış etmişdir.

İnstrumental musiqi karyerası ilə yanaşı Patrik Kalafato Bordo Konservatoriyasında Jak Şvarts, Lionel Sarrazen və Mariz Kastelin sinfində vokal dərsləri götürmüşdür. Hal-hazırda Patrik Kalafato vokal konsertlərlə Fransanın bir çox şəhərlərində və xaricdə çıxış edir. Onun sonuncu konserti Bordo şəhərinin Qrand-Teatrında olmuşdur.