Azərbaycanın xalq rəssamı Rasim Babayevin 80 illiyi münasibətilə fərdi yubiley sərgisi

25.04.2008 - 28.04.2008

Dövlət mükafatı laureatı, 60-cı illərin ən istedadlı rəssamlarından biri kimi Rasim Babayevin bu günə qədər Moskvada, Parisdə, Helsinkidə, Berlində fərdi sərgiləri keçirilmişdir.

Rasim Babayev ABŞ-ın Luiziana şəhərinin fəxri vətəndaşı idi. Hər şeydən öncə o, öz vətənini, uca dağları, Xəzəri, Abşeronun mənzərələrini sevərdi, böyük məmnuniyyətlə öz Vətənini gəzərdi. Onu Azərbaycanın müxtəlif şəhərlərində əsl vətənpərvər insan kimi tanıyardılar.

Bir gün bir art-diler Rasim Babayevi Fransaya dəvət edərək ona belə bir şərtlə razılaşma təklifin etdi; rəssamın sərgilər təşkil etmək və öz əsərlərini satmaq hüququ yoxdur. Rasim qəzəblə bu təklifdən imtina edərək cavab verdi:-Mən bütün həyatım boyu azadlıq arzulamışam, siz isə mənim əl-ayağımı bağlamaq istəyirsiniz!

Bu səfərdən qayıtdıqdan sonra Rasim Babayev demişdi: “Mən bir daha Bakını tərk etmərəm!”

Rasim Babayev xaraktercə çox xeyirxah və səmimi insan idi. Onun sənəti də belədir, açıqdır, acgözlükdən, həyasızlıqdan, xəsislikdən, şəhvət hisslərindən, alçaqlıqdan, saxtalıqdan uzaqdır. Bu vicdan və alicənablıq sənətidir.

Rasim Babayev incəsənəti metaforalar, məcazlar, nağıl obrazları dünyasıdır, folklor, qiymətli xalq ənənələri dünyasıdır. Rasim Babayev rəssamlıqla əxlaq arasında heç bir fərq qoymamış, hər bir işi mənəvi hərəkət hesab etmişdir.

25 aprel, 2008-ci il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirilən sərgidə xalq rəssamının 50-ə yaxın rəssamlıq və qrafika əsərləri nümayiş olunurdu.