I Ümumrespublika dekorativ-tətbiqi sənət festivalı

04.11.2009 - 07.11.2009

Sərgi Qalereyası
Təntənəli açılış: 03 noyabr, 2009-cu il, saat 18:00
Təşkilatçılar: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi

3 noyabr, 2009-cu il tarixində Mədəniyyət və Turizm Naziliyinin Muzey Mərkəzində I Ümumrespublika dekorativ-tətbiqi sənət festivalı çərçivəsində Bakı şəhərini əhatə edən dekorativ-tətbiqi sənət festivalı açıldı. Festival ərzində nümayiş etdirilən dekorativ-tətbiqi sənət əsərləri aşağıdakı əsas növlərə ayrılırdı: xalçaçılıq, batik, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma).
Festivala hazırlıq işləri 2009-cu ilin fevral ayından başlanmış, artıq Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Sumqayıt şəhərlərində bölgələrdə fəaliyyət göstərən xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət regional sərgilər keçirilmişdir.
2009-cu il, dekabr ayının 24-də isə Muzey Mərkəzinin Sərgi Qalereyasında Festivalın Təşkilat komitəsi tərəfindən regional mərkəzlərdə keçirilmiş sərgilərdən seçilən əsərlərdən ibarət növbəti yekun sərgi təşkil olunacaqdır. Qeyd edək ki, I Ümumrespublika dekorativ-tətbiqi sənət festivalı qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, bu sahədə qazanılan uğurların geniş şəkildə ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması, milli mənəvi dəyərləri kompleks halında özündə birləşdirən dekorativ sənət növlərinin təbliği və qorunması, bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədi ilə keçirilir.