Fərhad Xəlilovun 60 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi

27.10.2006 - 13.11.2006

2007-ci il, oktyabrın 27-də Muzey Mərkəzinin Sərgi Qalereyasında görkəmli fırça ustası, xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 60 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi açılmışdır. Sərgidə rəssamın rəngkarlıq və qrafika janrında çəkdiyi 60-dan artıq əsəri nümayiş etdirilmişdir. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1987-ci ildən Rəssamlar İttifaqına sədrlik edən Fərhad Xəlilovun mədəniyyətin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görüldüyünü, dövlətimizin başçısının ona yubileyi münasibətilə təbrik məktubu göndərdiyini bildirmişdir. Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bir çox xarici ölkə şəhərlərinin sənətsevərlərinin Fərhad Xəlilovun özünəməxsus, son dərəcə müasir, eyni zamanda, milli ənənələrə söykənən yaradıcılığı ilə yaxından tanış olduğunu xatırlatmış və indi Azərbaycan tamaşaçılarının xalq rəssamının son illərdə yaratdığı əsərlərə baxmaq imkanı əldə etdiyini söyləmişdir. F.Abdullazadə rəssamın Abşeron bağlarının mənzərəsini böyük həvəslə, ustalıqla təsvir etdiyini xüsusi vurğulamışdır. Xalq rəssamı Altay Hacıyev, Rusiya Rəssamlar İttifaqının katibi Sergey Alimov və başqaları yubilyara xoş arzularını çatdırmış, ona diplom və hədiyyələr təqdim etmişlər. Fərhad Xəlilov onun yaradıcılığına verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirmiş, sərginin təşkilatçılarına və mərasim iştirakçılarına təşəkkür etmişdir. Sərgi iki həftə davam etmişdir.