Gənc rəssam Nərmin Quluzadənin fərdi sərgisi

16.03.2010 - 20.03.2010

Sərgi Qalereyası
Vaxt: 18:00
Təşkilatçı: Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının dəstəyi ilə təşkil olunmuşdur
Sərginin kuratoru: Fəxriyyə Məmmədova.

Sərgidə müəllifin 73-dən artıq rəngkarlıq, qrafika və batika üsulunda yaradılmış əsərləri nümayiş olunur.
Gənc bakılı rəssam Nərmin Quluzadə Klimt, Mone və Qogen yaradıcılığının pərəstişkarıdır. Azərbaycanlı ustadlardan Böyükağa Mirzəzadə və Sakit Məmmədova pərəstiş edir. Bundan başqa, o, Sakit Məmmədovun rəhbərliyi altında bacarığını təkmilləşdirmək arzusundadır. Amma avtoritetlərə olan dərin ehtiramı ona incəsənətdə öz yolu ilə getməkdə mane olmur. Bu yol on il əvvəl Nərmin hələ məktəbəqədər yaşda Uşaq Yaradıcılıq Qalereyasının kandarına qədəm basdığı vaxtdan başlayıb. Orada təsviri incəsənətin əsaslarından ona Aynur Həşimova dərs deyib. Bundan sonra növbəti təhsil səviyyəsi başlayıb – T.İsmaylov adına Uşaq və yeniyetmələrin yaradıcılığı sarayının təsviri incəsənət studiyasında Tatyana Kesardan dərs alıb. Bu dövrdə Nərminin işləri birgə vernisajlarda, o cümlədən Rəssamlar İttifaqında nümayiş etdirilib.
Təsviri incəsənət studiyasında məşğul ola-ola böyüyən Nərmin rəssamlıq sənətində şəxsi yolunun prioritetlərini özü üçün müəyyənləşdirib. Onlardan ən birincisi abstrakt incəsənət olub. Studiyalarda çalışdığı bu illər ərzində gənc rəssam sevimli materiallarını da, sevimli janrlarını da müəyyənləşdirib. Akrili və soyuq batiki çox sevir, özü də isti, parlaq koloritli, batikdə isə qızıl suyunun bolluğu ilə. Bu onun yaşı üçün çox səviyyəvidir: axı bu ecazkar yaşda insan həyatı, bir qayda olaraq, əbədi bayram kimi təsəvvür edir. Lakin aşkar görünür ki, buna səbəb yalnız gənclik deyil, həm də Nərminin şən, açıq və təmiz xasiyyətidir. O öz əsərlərində tamaşaçıya tam şəkildə, qəlbinin dərinliyinədək açılır.
Nərmində ən yaxşı alınan “təxəyyüllə” yaradılan peyzaj işləri və natürmortlardır. Əlbəttə, o, naturadan da peyzajlar və portretlər çəkir, amma bu cür əsərlər onun üçün ilk növbədə vərdişlərin itilənməsi aləti kimi vacibdir. Gənc rəssamın qəlbi isə təbiətin gözəlliyini diləyir, buna görə də o, yorulmadan reallıqda analoqu olmayan peyzajları, bir də qeyri-adi, xəyali çiçəkləri təsvir edir.
Bütün bunlar ona fantaziyasının qanadlandığı anlarda gəlir və uydurduğu aləm Nərmin üçün real aləmdən daha vacibdir. Hətta gənc rəssamın tablolarının sevimli “qəhrəmanları” olan atlar da onun ifasında adi ev yvanlarından çox nağıl qəhrəmanları olan şahzadələrin mindiyi, bütün mifik məxluqlardan ən safı olan taybuynuzlarla yaxın qohumluq əlaqəsi olan ecazkar heyvanlardır. Məsələn, bu kataloqda yer alan bir cüt romantik kəhər at belələrindəndir.
Qeyd etmək lazımdır ki, Nərminin dünyagörüşü tamaşaçıya yalnız nağıllardakı ölkələrin deyil, bizim real aləmin də nə dərəcədə yaxşı ola biləcəyini göstərmək imkanını verir. Bu mənada son dərəcə gözəl ruha malik “Bağa giriş” tablosunu qeyd etməmək olmaz. Səliqəli həyət sanki tamaşaçını ömür yolunda geri boylanmağa və öz keçmişində, öz gəncliyində eyni qapını görməyə çagırır.
Bu kataloqa Nərminin saysız-hesabsız işlərindən daha çox güllərlə olan natürmortları daxil edilmişdir. Zanbaqlar, qızılgüllər, gibiskuslar, lalələr, süsənlər, nərgizlər... Nərmin onları qucaqqucaq tamaşaçıya bəxş edir! Onun güllərlə olan natürmortlarının digər işlərindən qat-qat artıq müsbət energetika ilə dolu olduğunu söyləmək olar. Gül dəstələri sanki bayram salyutunun zərrələri kimi açılır...
Nərminin qəlbi uğrunda natürmortla mübahisə edə biləcək yeganə janr peyzaj ola bilər. Bakı buxtası və İçəri şəhərin günbəzləri ilə qonşuluq edən Köks ötürmə körpüsü və digər italyanpanoramları, eləcə də Qogenin yaradıcılığına olan rəğbətdən doğan hədsiz ekzotik Taiti peyzajları. Gənc rəssam səyahət etməyi sevir: o artıq Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrin ən məşhur muzey və bədii qalereyalarında olub. Nərmin Dillər Universitetinin tələbəsidir və onun üçün səyahət həm də dili təkmilləşdirmək üçün yaxşı məktəbdir. Amma ən əsası – onlar gənc rəssama yeni, canlı və səmimi təəssüratlar verir ki, bunu da heç bir film və ya fotoşəkil əvəz edə bilməz. Bununla belə, öz prinsipinə sadiq olan Nərmin xaricdə plenerlər təşkil etmir, gördüklərini yaddaşına həkk edir və sonra turistik bukletlərdə təsadüf edilən bu və ya digər mənzərəyə şəxsi münasibətinin yüngül və əlvan örtüyünü çəkərək təsvir edir.Bu münasibət ilk növbədə rənglə ifadə olunur. Nərmin üçün rəng - ən əsas kateqoriyalardan biridir. Əlbəttə, bu cür gənc yaşda bütün həyatın boyu sürəcək kredonu müəyyən etmək çətindir, amma Nərmin bunu etməyə cəhd göstərib və bunun üçün əbədi dünya simvollarından biri olan göy qurşağından məharətlə istifadə edib. “Mənim kredom – göy qurşağı olmaq, insanlara müsbət emosiyalar bəxş etməkdir. Qırmızı rəng xoşbəxtlik, narıncı – sevinc, sarı – bolluq, yaşıl – ümid, mavi – sakitlik, göy – dostluq, bənövşəyi – arzu deməkdir”. Bəli, gənc rəssamın tablolarının göy qurşağı və onların tamaşaçıya təlqin etdiyi nikbin duyğular Nərmin Quluzadənin öz həyat yolunu doğru anladığından xəbər verir.