Mstislav Rostropoviçin fotolarından ibarət sərgi

14.12.2007 - 19.12.2007

13 dekabr, 2007-ci ildə Muzey Mərkəzində I Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində görkəmli musiqiçi Mstislav Rostropoviçin fotolarından ibarət sərginin açılış mərasimi keçirilmişdir. Sərgidə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, sərgidə böyük sənətkarın 170-ə yaxın fotoşəkil nümayiş olunur: “Burada Mstislav Rostropoviçin uzun müddət üzə çıxarılmayan fotoları da nümayiş olunur. Nümayiş olunan fotoların əksəriyyəti Rostropoviçin Ev Muzeyinə təqdim ediləcək”. M. Rostropoviçin qızı Olqa Vişnevskaya isə festivalın və sərginin məhz Bakıda keçirilməsini yüksək qiymətləndirib: “Atam Bakını çox sevirdi. O sağ olsaydı, ilk festivalın məhz Bakıda keçirilməsini istəyərdi”. M. Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya jurnalistlərə açıqlamasında festivalın və sərginin yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Sərgidə həvəskar fotoqraflar tərəfindən çəkilən şəkillər məni valeh etdi. Bu festivalın ilk dəfə Bakıda təşkil edilməsi Rostropoviçin bu şəhərdə anadan olması ilə əlaqədardır”.

Qeyd edək ki, foto-sərgi dekabrın 18-dək davam etmişdir.