“Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” fotosərgisi

04.12.2010 - 06.12.2010

Sərgi Qalereyası
Təntənəli açılış: 3 dekabr 19:00
Təçkilatçı: İqtisadi İnkişaf Nazirliyinin nəzdində “Təmiz şəhər” təşkilatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Bununla əlaqədar bir sıra dövlət qurumları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
“Təmiz şəhər” ASC bərk məişət tullantılarının idarəedilməsi sistemini qurmaqla yanaşı, əhalinin maarifləndirilməsi və ətraf mühitin qorumasına ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə “Təmiz şəhər” ASC tərəfindən 03 dekabr, 2010-cu il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında “Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” adlı fotosərgi açıldı.
Tədbirdə dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndələri, həmçinin müxtəlif şirkətlər, ekoloji təşkilatlar və mətbuat nümayəndələri iştirak edirdilər.
Qonaqları salamlayan “Təmiz şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirdi ki, Bakının gözəlliyinin və təmizliyinin qorunması dövlət qurumları ilə yanaşı, hər bir şəhər sakinin vəzifəsidir. Qeyd edildi ki, “Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” fotosərgisinin təşkil edilməsində başlıca məqsəd əhalinin diqqətini tullantılarla düzgün rəftara və şəhərimizin təmizliyinin qorunmasına cəlb etməkdir. Sərginin təşkili məqsədilə “Təmiz şəhər” ASC-nin cəlb etdiyi 12 fotoqraf-rəssam tərəfindən Bakı şəhərində insanların məişət tullantılarına münasibətini və şəhərin təmizliyini əks etdirən foto kadrlar, müxtəlif reportajlar hazırlanmışdı.