“7-ci mərtəbə” adlı sərgi və eyni adlı kataloqun təqdimat mərasimi

22.10.2010 - 28.10.2010

Sərgi Qalereyası
Təntənəli açılış: 22 oktyabr 17:00
Təçkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi

Azərbaycan Rəssamlar İttifaqının Bakı şəhəri, İstiqlal küçəsi 31 ünvanında yerləşən binasının 7-ci mərtəbəsində yaradıcılıq fəaliyyəti ilə məşğul olan rəssamlar incəsənətimizin xəzinəsinə öz layiqli töhfələrini verir, keçirilən bir çox beynəlxalq və respublika əhəmiyyətli sərgilərdə iştirak edərək, milli mədəniyyətimizin təbliğinə xidmət göstərirlər. Azərbaycan və dünya təsviri sənətinin ənənələrindən yaradıcı surətdə faydalanan bu rəssamlar şərti olaraq “7-ci mərtəbə rəssamları” adlandırılır. Səmərəli bədii yaradıcılıq fəaliyyətlərini, təsviri sənətin inkişafına göstərdikləri xidmətləri nəzərə alaraq, 7-ci mərtəbə rəssamlarının yaradıcılığının təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə 2010-cu il, oktyabrın 22-də Muzey Mərkəzinin Sərgi Qalereyasında “7-ci mərtəbə” adlı sərgi və eyni adlı kataloqun təqdimat mərasimi keçirildi. Bu sərginin və kataloqun çap edilməsi ideyası 2010-cu il, yanvarın 15-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən nazir müavini Ədalət Vəliyevin Rəssamlar İttifaqının Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən yaradıcılıq emalatxanalarında görüşü zamanı yaranmışdır.
Sərginin adı şərti olaraq, rəssamların emalatxanalarının yerləşdiyi 7-ci mərtəbədən götürülmüşdü. Sərgidə Namiq Məmmədov, Tofiq Qəzənfərov, Yavər Sultanov, Rüfət Salamov, Məmməd Mustafayev, Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Emin Əsgərov, Nadir Bayrışov, Fikrət İbrahimli, Elxan Muradzadə, Aydın Tağıyev, Tarverdi Quliyev, Natiq Səfərov, Bəhram Xəlilovun əsərləri nümayiş etdirilirdi. Hər bir rəssamın əsərlərindəki fərqli rənglər, obrazlar, hiss və duyğular Azərbaycanın incəsənət ənənələrinin zənginliyindən, müasir rəssamlarımızın geniş dünyagörüşü, incə zövqü və məharətindən xəbər verirdi. Sərgi oktyabr ayının 28-dək davam etmişdir. Kataloqdakı əsərlərin fotoşəkillərinin çəkilişi, kataloqun dizaynı və tərtibatı Əməkdar Rəssam, fotoqraf-dizayner Tahir Məmmədov tərəfindən aparılmışdı.