Lalə Ağayeva Lambertin “Kölgələr uzananda...” adlı fərdi foto sərgisi

03.02.2011 - 09.02.2011

Sərgi Qalereyası
Təntənəli açılış: 2 fevral 18:00
Təşkilatçı: Lalə Ağayeva - Lambert

2011-ci il, 2 fevral tarixində saat 18:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Lalə Ağayeva Lambertin “Kölgələr uzananda...” adlı fərdi foto sərgisinin açılış mərasimi keçirilmişdir. Adətən, peşəkar fotoqraflar həvəskarlara yuxarıdan aşağı baxırlar: axı onlar rəssam deyillər, süjetləri seçməkdə sərbəstdirlər, nəyi görürlər, onu da çəkirlər, - bir sözlə, sənətin incəliklərinə varmırlar! Lalə Ağayeva Lambert bu stereotipin üzərindən qalın xətt çəkib. Bir neçə studiya dərslərini nəzərə almasaq, o, heç bir xüsusi hazırlığı ilə öyünə bilməz. Amma bununla belə, Lalənin fotoları seyrçini hipnoz kimi çəkir. İnsan özünü sanki bu şəkillərdə görür, portağallı limonadın, duzlu dalğanın dadını, ayaqlarının altında sarı qumun səsini, palma yarpaqlarının arasında kərtənkələnin vurnuxmasını hiss edir... İncə duyumu olan bu xanım rakurs seçməyi məharətlə bacarır. Onun şəkillərindəki məhrəm və səmimiyyətə bir çox peşəkarda rast gəlinmir.
Lalə Bakıda həkim ailəsində doğulub. Təbiətcə dinamik, ehtiraslı, kreativ olan bu xanım hələ erkən yaşlarında özünü bir çox peşədə sınayıb: yapışdırırdı, rəsm çəkirdi. Amma atası, məşhur cərrah, akademik Böyükkişi Ağayev qızını ailə ənənəsinin davamçısı kimi görmək istəyib. Atasının sözündən çıxmayan Lalə Azərbaycan Tibb İnstitutunu bitirərək həkim işləməyə başlayıb. Amma taleyi onu bu sənətdən də uzaqlaşdırıb. Amerika vətəndaşı ilə ailə quran Lalə Karib adalarına köçüb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Sərgi Qalereyasının salonlarında təqdim olunan “Shadows. Late afternoon” (“Kölgələr uzananda...”) ekspozisiyası Lalə Ağayeva-Lambertin ilk fərdi sərgisidir. 120 fotoşəkildən ibarət bu sərgi Lalənin cahana olan özəl baxışlarını və fotoqrafiya sənətinin imkanlarını əks etdirir.
- Kameranı idarə edə bilən incə qadın barmaqları, dünyaya zərif cinsin baxışları xüsusilə xoşuma gəlir, - layihənin kuratoru, Muzey Mərkəzinin direktoru Liana Vəzirova belə deyir, - pozitiv, işıqlı və mehriban, eyni ilə Lalə Ağayeva-Lambertin işlərindəki tək. XXI əsr cəmiyyətinin mənəvi yüksəlişi məhz bu cür istedadlı qadınlardan asılı olacaq. Zənnimcə, onun sevgi ilə dolu gözəl əsərləri çoxlarını etinasız buraxmayacaq.
Yer üzərindəki heç bir əsər həyata geniş baxış və hər şeyə fərdi yanaşma olmadan xüsusi maraq kəsb edə bilməz. “Kölgələr”in açarını impressiyada, təəssüratda axtarmaq lazımdır. Lalə Ağayevanı ani məqamın ideyası... həyatın sezilməyən anlarına həsrət hissi cəlb edir. Və o həmin anları, eyni zamanda həyat enerjisini, rəngini tutub saxlamaq iqtidarındadır. Lalənin günləri məşhur d-r Seuss seriyasındakı tək müxtəlif rənglərə bürünüb.
- Mənim rəngli günlərim, - Lalə söyləyir, - əhval-ruhiyyəm kimi sarı, yaşıl, kürən ola bilər. Qırmızı gündə enerjim və vəcdim aşıb-daşır. Mavi rəngdə qanad çalıram. Boz gündə plintusdan aşağı düşürəm, qara gündəsə mənə yaxınlaşmanız məsləhət deyil... İşlərim də eynilə müxtəlif çalarlara bürünüb...
“Çəhrayı fantaziya”, “Kobaltlı mina”, “Fars mavisi”, “Limonlu tvist və laymalı şərbət”, “Portağallı tanqo və naringi arzuları”, “Qırmızının variasiyaları” – beləcə, ekspozisiyalar rəngli seriyalara bölünüb. Onlar adlandırılmayıb. Amma slayd-şouda (gözdən qaçırmayın!) “qaynar çəhrayı öpüş”, “moruqlu mürəbbə”, “mavi çalarlarda rapsodiya” tipli açar kəlmələrlə rastlaşmaq mümkündür. “Yazın tamı”, “sitruslu ədviyyələr”, “yaş mərcan”, “odlu damcılar” və s. Sanki fotolar rəngdən savayı həm də dada, iyə və səsə malikdir. Bu, günəş seriyasına atılan imzalara da aiddir: “Günəş mənimlədir”, “Günəş arxamdadır!”, “Yaxala məni”... Lalə kadrda heç nəyi dəyişmir, şişirtmir.
- Deməli, beyninizdə mövzunuzu çözürsünüz, son nəticəsə hər cür alına bilər? – soruşuram.- Prosesə mümkün qədər obyektiv yanaşmağa çalışıram. Uzun müddət müşahidə edirəm, məqamı tutmağa çalışıram. Fotolarsa qeyri-iradi alınır, onları olduğu kimi saxlamağa çalışıram. - Məgər günəşin Yaşıl şəfəqləri olur?
- (şövqlə səslənir) Hə, olur... Karibdə Günəşin qürubu əsrarəngizdir. Ötən günlə vidanı əks etdirən hər qürub cansıxıcı hisslər yaradır. Yaşadığım otelin kirayənişinləri ani məqamda yaşıl işartı ilə əks olunan qırmızı diskin üfüqdə itməsini izləmək üçün çimərlikdə qalmağa üstünlük verirdilər. Məhz bu təzahür “Green flash” adlanır. Onu tutmaq hər adama nəsib olmur (gülümsəyir).
Lalə təəssüratların qırıntılarını (səmimi, rəngli, dadlı, iyli) bir yerə yığan vizual şairdir... O, eyni zamanda təsirli və minimalist obraz yarada bilir. Götürək elə Arubada rəqs edən Qutan və qurtuluş yalvarışlarında çırpınan Kərtənkələni. Lalə bu işlərdə incəsənətin ən statik növünün sabitliyini dəf edib.
“Shadows. Late afternoon” (“Kölgələr uzananda”) fotoqrafın Antiqua çimərliyindəki çəkilən ekzotik şəkillərə verdiyi addır. Bu şəkillər kolleksiyanın ən görkəmliləridir. Əbədilik və dünyaya bağlılıq onun ekspozisiyaları içərisində ümdə yer tutan Nardaran mənzərələrində daha kolaritli çəkildə özünü göstərir. Nostalji not, vətən nəğməsi kimi.

Sərginin kuratoru: Liana Vəzirova- Muzey Mərkəzinin direktoru.
Dizayner: Fəxriyyə Məmmədova