Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq anma günü. Sərgi və film nümayişi

28.01.2012

Akt Zalı
Vaxt: 12:00
Təşkilatçı: Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti

27 yanvar 2012-ci il tarixində Muzey Mərkəzinin Akt zalında Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin (UN DPI) Azərbaycandakı nümayəndəliyi İsrailin Azərbaycandakı səfirliyi ilə birlikdə Holokost Qurbanlarının Xatirəsinə Həsr Edilmiş Beynəlxalq Anma Günü münasibəti ilə sərgi və film nümayişi təşkil etdi. Tədbir gün ərzində davam etdi, rəsmi hissənin açılışı isə 27 yanvar 2012-ci il, saat 12:00-da baş tutdu.
Sərgidə “Holokost – Unutmayaq” mövzusunda beynəlxalq poster yarışmasının qalibi olmuş 16 poster nümayiş etdirildi. Qeyd edək ki, bu posterlər Çexiya Respublikası, Fransa və İsraildən olan qrafik dizayn tələbələri tərəfindən hazırlanmışdır. Rəsmi qonaqların çıxışlarından sonra 2010-cu ildən bəri Azərbaycanda fəaliyyət göstərən “Xabad Or-Avner” məktəbinin şagirdləri tərəfindən təqdimat baş tutdu. Daha sonra “Petr Ginzin son uçuşu” adlı sənədli film nümayiş etdirildi. Film 14 yaşında Praqanın faşistlər tərəfindən işğalına həsr edilmiş 5 hekayə və 16 yaşına qədər 120-dən artıq hekayə rəsm əsərləri yaradaraq Auşvits ölüm düşərgəsində öldürülən Petr Ginzdən bəhs edirdi. Tədbir filmin müzakirəsi ilə başa çatdı. Qeyd edək ki, film gün ərzində Muzey Mərkəzində nümayiş etdirildi.27 yanvar – Holokost Qurbanlarının Xatirəsinə Həsr Edilmiş Beynəlxalq Anma Günü BMT-nin 2005-ci il tarixli qətnaməsi ilə beynəlxalq səviyyədə qeyd edilməyə başlanmışdır. Bu tarixin seçilməsi təsadüfi olmamışdır; 66 il əvvəl məhz bu gün milyonlarla insanın həyatını məhv etmiş ən böyük nasist ölüm düşərgəsi olan Auşvits-Birkenau (Osventsim) azad edilmişdir. BMT Baş Katibi bu münasibətlə etdiyi bu ilk müraciətdə demişdir: “Ailələr bir daha heç vaxt Holokost zamanı baş vermiş dəhşəti yaşamamalıdırlar. Yalnız bir yerdə çalışaraq biz soyqırımın qarşısını ala və cəzasızlığa son qoya bilərik. Gənc nəsilləri tariximizin bu dəhşətli epizodu barədə maarifləndirməklə hər kəs üçün insan ləyaqətini müdafiə edə bilərik”.