Abbas Kazımın fərdi sərgisi

26.04.2013 - 30.04.2013

Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 26 aprel 2013, saat 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

Cari il aprelin 26-da Muzey Mərkəzinin incəsənət qalereyasında Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə tanınmış fırça ustası, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Abbas Kazımovun fərdi sərgisi açılıb. "Parlaq dünya" adlı sərgidə rəssamın onlarla rəngkarlıq və qrafika əsərləri nümayiş olunub.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sənətkarın keçdiyi yaradıcılıq yolundan danışıblar.
Nazir Əbülfəs Qarayev bildirib ki, Abbas Kazımovun əsərlərində Azərbaycan və Rusiya xalqlarının tarixi dostluq əlaqələri özünü qabarıq şəkildə göstərir. "O, Abşeron rəssamlıq məktəbinin davamçısı kimi dekorativ tətbiqi sənət nümunələrini rəngkarlıqla sintez edərək yaddaqalan əsərlər yaradıb, eyni zamanda, rəngkarlıqda unikal "xalça üslubu"nun yaradıcısı kimi tanınır. Bu üslub özündə Şərq və klassik incəsənət məktəbinin xüsusiyyətlərini birləşdirir".
Sonra sərgiyə baxış keçirilib. Görkəmli sənətkarın "Çalıquşu", "Rəssamın ailəsi", "Qaçqınlar", "Uşaq və qaçqın qadın" və digər əsərləri maraqla qarşılanıb.
Qeyd edək ki, Abbas Kazımovun əsərləri indiyədək dünyanın bir çox ölkələrində, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, ABŞ və Çində nümayiş olunub.