Səhəd Veysovun fərdi sərgisi

20.06.2013 - 25.06.2013

Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 20 iyun 2013, saat 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Səhhət Veysovun 60 illik yubiley sərgisi keçiriləcək. Sərginin açılışı 2013-cü il iyun ayının 20-də saat 17:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunacaq.
Şərq və Qərb incəsənətinin ənənələrinə əsaslanaraq özünəməxsus bədii təsir gücünə malik əsərlərin yaradılması, milli mövzuların şərti, stilizə olunmuş, bəzən də abstrakt formalarda təsviri, nağıl qəhrəmanlarının, mifoloji obrazların məxsusi dəsti-xətlə kətan üzərinə köçürülməsi S.Veysovun yaradıcılığının əsas xüsusiyyətləridir.
Onun Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri müxtəlif sərgilərdə nümayiş etdirilsə də, uzun müddət, fərdi sərgisi təşkil olunmamışdır. Sərgidə rəssamın yaradıcılığının 40 ilə yaxın dövrünü əhatə edən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcəkdir.
Qeyd edək ki, Səhhət Mahmud oğlu Veysov 1953-cü ildə Bakıda anadan olmuşdur. 1978-ci ildə M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. 1968-ci ildən etibarən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. Rəssamın 15-16 yaşları olanda Bakıda (1968) və Moskvada (1969) fərdi sərgiləri təşkil olunmuşdur. 1986-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. Xüsusi istedadı nəzərə alınaraq S.Veysova 1968-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə ali məktəbi bitirənədək xüsusi təqaüd təyin olunmuşdur. 1988-ci ildə isə "Azərbaycan musiqisi və poeziyası" rəsm əsərləri silsiləsinə görə respublika Lenin komsomolu mükafatına layiq görülmüşdür. O, yalnız rəssamlıqla kifayətlənmir, eyni zamanda incəsənət tarixinə, ədəbiyyata aid məqalələr də yazır.