Səmavi dinlərin tarixi layihəsinin “Yəhudilərin müqəddəs torpaqlarla 3500 illik əlaqəsi” V Bakı Beynəlxalq Humanitar forum çərçivəsində I sərgisi

30.09.2016

Vaxt: 09:00
Dairəvi zal
Təşkilatçılar: Dini Qurumlarla iş üzrə Dövlət komitəsi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan olunmasına dair tədbirlər planına əsasən V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisi keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan və İudaizm dininə həsr edilən “Xalq, Kitab, Torpaq: yəhudi xalqının “Müqəddəs torpaq”larla 3500 illik əlaqəsi” adlı sərginin açılışı 30 sentyabr 2016-cı il tarixində, saat 9:00-da Muzey Mərkəzində olacaq. Bu sərgi YUNESKO, ABŞ və Kanada hökumətləri və Simon Vizental Mərkəzinin dəstəyi ilə hazırlanmış və daha öncə BMT-nin Nyu York şəhərində yerləşən mənzil qərargahında, YUNESKO-nun Paris şəhərində yerləşən mənzil qərargahında, ABŞ Konqresində, İsrail Knessetində, həmçinin Vatikan, Danimarka və Albaniyada da keçirilmişdir. Mədəni və maarifləndirici xarakter daşıyan bu sərginin Paris və Vaşinqtondakı açılışlarında YUNESKO-nun baş katibi xanım İrina Bokova iştirak etmişdir. 2016-cı ilin yanvar ayında Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Simon Vizental Mərkəzinin direktor müavini ravvin Abraam Kuper Bakıya səfəri zamanı Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirərək sərgini ölkəmizə bağışlamış və burada nümayiş olunmasını təklif etmişdir.