Azərbaycan Dövlət Rəsm Qalereyası fondundan seçilmiş əsərlərdən ibarət «Yurduma Sülh» adlı azərbaycan təsviri incəsənət sərgisi

Sərgi Qalereyası
01.10.2023 - 15.10.2023

Çoxsaylı müraciətləri nəzərə alaraq, Azərbaycan Dövlət Rəsm Qalereyası fondundan seçilmiş əsərlərdən ibarət «Yurduma Sülh» adlı azərbaycan təsviri incəsənət sərgisi 15 oktyabr 2023-cü il tarixinədək uzadılır.

1-15 oktyabr 2023-cü il tarixlərində Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlərdən ibarət Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Böyük qayıdışa həsr olunmuş “Yurduma sülh” adlı təsviri sənət sərgisi keçiriləcək.

Ekspozisiyasına 50-dən çox rəngkarlıq, 17 qrafika və 12 heykəltaraşlıq əsərinin daxil olduğu vernisaj, özündə ötən əsrin ortalarından etibarən fəaliyyət göstərən ən görkəmli, mərhum klassik, eləcə də müasir rəssamlarının Azərbaycanın həyat və məişətinin müxtəlif sahələrinə baxışını əks etdirir.

“Azərbaycan Qarabağda dünya qanunvericiliyinin bütün qaydalarına ardıcıl əməl edərək qəti qələbəsini qazandı və bir daha dünyaya ölkəmizin müharibə istəmədiyini, Azərbaycanın müstəsna dinc öhdəliklərə sadiqliyini nümayiş etdirdi. Adətən, ölkəmizə ilk dəfə gələn qonaqların əksəriyyəti doğma yurdumuza xas olan bu sülh və tolerantlıq ab-havasından dərindən təsirlənir. Bu sərgi layihəsi dinc, sakit və xoşbəxt Azərbaycanı nümayiş etdirir. Axı onun müxtəlif guşələrini - neft mədənlərini, kənd və əzəmətli şəhər mənzərələrini, bu cür fərqli sakinlərini birləşdirən məhz sülhsevərlik və parlaq gələcəyə can atmaq istəyidir. Korifeylərimizin bu sərginin ekspozisiyasına daxil olan əsərləri də tamaşaçıda bu təəssüratları yaradır. Bu mövzunun leytmotivini sərginin bannerində yer alan Toğrul Nərimanbəyovun məşhur “Çiçəklənən diyar” əsəri təşkil edir.”

Sərginin birinci zalında ötən əsrin ortalarında Azərbaycan incəsənətini təmsil etmiş fırça ustalarının rəsm əsərləri nümayiş olunur. Səttar Bəhlulzadənin “Nardaran”, “Qəçrəş” və “Novxanı mənzərəsi” adlı nəfis əsərləri, Asəf Cəfərovun “Lənkəran” tablosu doğma diyarın kiçik, lakin parlaq panoramasını təşkil edir.Tanınmış rəssam Tahir Salahovun “Ana portreti”, Yelena Kərimovanın “Eyvanda”, dünyadan yenicə köçmüş, çoxşaxəli istedada malik Alagöz Salahovanın “Natürmort”, Xalidə Səfərovanın nikbin ruhlu “Aydın səhər” əsərləri sərgiyə lirik notlar gətirir. Zalın ekspozisiyasıToğrul Nərimanbəyovun təsirli “Bolluq” triptixi ilə taclanır. Heykəltaraşlıq sənəti burada Mübariz Əmiraslanovun (“İpək Yolu”), İslam Həsənəlizadənin (“Avropanın oğurlanması”) və Teyyub Yusifovun (“Sevinc”) əsərləri ilə təmsil olunur.

İkinci zalda həmçinin, Azərbaycanın tanınmış rəssamlarının, o cümlədən, ötən əsrin ortalarına, lakin daha çox bir neçə sonrakı onilliklərə aid əsərləri, eləcə də, dövrümüzün klassiklərinin əsərləri nümayiş olunur. Burada Mikayıl Abdullayev (“Bakı”), Böyükağa Mirzəzadə (“Qızılgüllər”), Kamal Əhməd (“Həyat yoldaşı ilə avtoportreti”, “İki quş”), Cavad Mircavadov (“Buzovna mənzərəsi”), Lyubov Mircavadova (“Abşeron”), Əşrəf Murad (“Güllər”), Asəf Cəfərov (“Qurzuf”), Zakir Hüseynov (“Top”), Şamo Abbasov (“Gəzinti”), Müslüm Eldarov (“Gedən”), Ucal Haqverdiyev (“İt”), Mir Nadir Zeynalov (“Qırmızı natürmort”), Qəyyur Yunus (“Bahar gözəli”), Məmmədkərim Quliyev (“Balqabaqlar”) kimi rəssamların tablolarını görmək olar.

Üçüncü zalda nümayiş etdirilən əsərlər isə yaranma tarixi ilə deyil, ümumi mövzu ilə birləşir. Burada Azərbaycan, çoxlarının onu təsəvvür etdiyi: sahili, qayaları, qağayıları, dənizin ucsuz-bucaqsız ənginlikləri, qazma qurğuları və əlbəttə ki, ağır və təhlükəli neftçi peşəsini seçmiş cəsur insanları olan neft ölkəsi kimi təqdim edilir. Belə ki, bu zalda Nadir Qasımovun (“Aydın səma”, “Neft mədənləri”, “Dəmir meşə”, “Fırtınadan qabaq”), Rafael Abbasovun (“Qazmaçılar”, “Dəniz mənzərəsi”), Davud Kazımovun (“Zuğulba”) Kamil Nəcəfzadənin (“Dumanlı gün”), Tofiq Ağababayevin (“Lökbatan yağışdan sonra”) tablolarını görə bilərsiniz. Toğrul Sadıqzadənin “Fırtına quşu haqqında nəğmə” əsəri neftçinin çətin, lakin şərəfli peşəsinin, insanın təbiətə qarşı mübarizəsinin simvolu kimi çıxış edir. Bu salondakı heykəltaraşlıq Teymur Rüstəmovun “Sonsuzluq” və Nəriman Məmmədovun “Gəmiqaya” kompozisiyaları ilə təmsil olunur.

Dördüncü zalın böyük bir qismi dövrümüzün yetkin, tamaşaçıların yaxşı bələd olduğu rəssamların əsərlərini özündə ehtiva edir. Bu zalın mövzusunu əsasən xoşbəxtlik və ümidlə nəfəs alan müxtəlif hisslərin uçuşu və doğma mənzərələrin fonunda qayğısız bir fasilə kimi xarakterizə etmək olar. Bunlar Vüqar Muradovun “Ultramarin”, Fərhad Xəlilovun “Zuğulbada bahar”, Əşrəf Muradın “Yay səhəri”, Eldar Qurbanovun “Bahar buludları”, Müseyib Əmirovun “Dəniz kənarında ev”, Mahmud Tağıyevin “Payız mənzərəsi”, Nazim Bəykişiyevin “Abşeronda kənd” və “Evlər”, Mir Nadir Zeynalovun “Mərdəkanda payız” əsərləridir. Yelena Haqverdiyevanın “Badminton oyunu”, Namiq Məmmədovun “Uçuş”, Elyar Əlimirzəyevin “Kəpənək satan”, İnna Kostinanın “O qadın” diptixi, eləcə də, əsasən qrafika ustası kimi tanınan rəssam Bəyim Hacızadənin nadir rəngkarlıq nümunəsi “Novruz gülləri” əsərlərində də eyni əhval-ruhiyyə hökm sürür. Bu parlaq ab-havanı İrina Eldarovanın “Rekviyem”i kədər akkorduna bürüyür: Vətənin və xalqın xoşbəxtliyinə gedən zəfər yolu qurbanlar olmadan tamamlanmır və 2020-ci ildə yaradılmış bu əsər öz doğma torpaqlarının azad edilməsi uğrunda gedən 44 günlük müharibədə həlak olan şəhidlərin xatirəsinə ehtiramdır. Bu zalda heykəltaraşlıq Fəqan Qasımovun (“Sərbəstlik”), Kamran Əsədovun (“Qayğı”) və Arif Qazıyevin (“Oyanış”) əsərləri ilə təmsil olunur.

Sərgi zallarının sonunda tamaşaçını qrafik əsərlər qarşılayır. Ancaq özünəməxsus nostalji toxunuş təsviri sənətin bu növündə təqdim olunan əsərləri birləşdirən yeganə amil deyil. Burada sərginin mövzusu xüsusi çalarlarla oynayır. Zalda təqdim olunan əsərlərin əksəriyyəti görkəmli qrafika ustası Maral Rəhmanzadəyə məxsusdur və əsasən onun məşhur “Neft Daşları” silsiləsinə aiddir. Məsələn, qrafik əsər “Bizim qonaqlar” şəhərin estakadasının fonunda dənizin ortasında möcüzəvi şəkildə ön planda verilmiş dünyanın etnik geyimli müxtəlif xalqlarının nümayəndələrinin rəngarəng qrupunu təsvir edir.

Vasif Ağayev də əsərində Neft Daşları mövzusuna toxunur. Peşə və məşğuliyyətlər mövzusunu Arif Ələsgərov “Dulusçu emalatxanasında” və “Musiqi emalatxanasında”, Fərhad İsmayılov “Balıqçılar” əsərləri ilə davam etdirir. Qadın obrazları olmadan düşünülməyən dinc həyatın panoraması Altay Hacıyevin məşhur “Şairə Natəvan” əsəri və Maral Rəhmanzadənin özünəməxsus kənd qadınları -“Çayçılar”, “Toya” və s.qrafik əsərləri ilə təqdim olunur.

Sərginin iş saatları: 1 – 15 oktyabr, saat 10:00-dan - 18:00-dək (giriş sərbəstdir)