İbrahim Həsənov və Ruhulla Həsənzadənin “Metamorfik bağlar:70/30” yubiley sərgisi

Sərgi Qalereyası
15.12.2023 - 19.12.2023

15 dekabr 2023-cü ildə saat 18:00-da Muzey Mərkəzində tanınmış rəssam və heykəltaraş İbrahim Həsənov və rəssam Ruhulla Həsənzadənin “Metamorfik bağlar:70/30” adlı yubiley sərgisi keçiriləcəkdir.

Belə ki, bu il rəssam-heykəltaraş İbrahim Həsənovun 70, oğlu rəssam Ruhulla Həsənzadənin isə 30 yaşı tamam olur.

İbrahim Həsənov sənətsevərlər arasında çox şaxəli rəssam və heykəltaraş kimi tanınır. Onun yaradıcılıq bioqrafiyası müxtəlif istiqamətlərdə aparılan axtarışlar zəminində formalaşıb.

1990-cı ildə Bakıda onun ilk fərdi sərgisi təşkil olundu. Sərgidə rəngkarlıq, heykəltaraşlıq, qrafika və yaradıcılığına yeni bir nəfəs gətirən sənətşünasların dili ilə desək “yumşaq heykəltaraşlıq” janrı sənətsevərlərin marağına səbəb olmuşdur. Norveçdən, Almaniyadan, qardaş Türkiyədən və digər ölkələrdən bu janra böyük maraq göstərilirdi.

Sənətkarın ikinci fərdi sərgisi 1991-ci ildə London şəhərində baş tutdu. Nümayiş olunan bütün əsərlər London muzeyi tərəfindən alınmışdır. 1991- ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü olur. 1995-ci ildə Türkiyənin baş naziri Tansuçillər onu şəxsən Türkiyədə iş birliyinə, orada yaşayıb yaratmağa dəvət etmişdir.

Rəssamın emalatxanasında çoxlu proektlərə, eskizlərə rast gəlmək olar. “Nuru Paşa və onun İslam ordusu”na həsr olunmuş kompleks layihəsinə, bir çox sərgilərdə sərgilənmiş Azərbaycan əsgərinə həsr olunmuş “Təcavüzə son” layihəsi, Bakı milyonçusu və xeyriyyəçisi Hacı Zeynəlabdin Tağıyev kimi digər layihələri də görmək olar.

İbrahim Həsənovun bir çox yaradıcılıq əsəri xarici ölkələr tərəfindən alınıb və bir neçəsi şəxsi kolleksiyalarda saxlanılır. Daşdan yonulmuş “Gözləmə” əsəri Tokio şəhərindəki Şərq Muzeyində saxlanılır.

Bu təvazökar, qaynar təbiətli rəssam həm də xeyriyyəçi rəssam kimi də tanınır. Belə ki, o bir neçə qarabağ müharibəsi şəhidlərinin büstləri- ni təmənnasız həyata keçirmişdir. Buna misal olaraq Qəbələ şəhərində Mübariz İbrahimovun büstü, Keşlə qəsəbəsində şəhidlərin xatirəsinə yüksələn böyük abidə və sair kimi xeyriyyə əməlləri onun nə qədər vətən- pərvər, kamil rəssam təfəkkürünə, geniş dünya görüşünə sahib olmasıdır.

Azərbaycanın bir çox şəhər və rayonlarında sənətkarın monemental əsərlərinə rast gəlmək olar. Son illərdə olan görkəmli publisist şair Mirzə Ələkbər Sabirin 3 metrəlik heykəli şairin ev muzeyinin önündə qoyulmuşdur. 2018-ci ildə Mehdiabad qəsəbəsində atçılıq klubu önündə ucalan əzəmətli kompazisiyaya rast gələ bilərsiniz.

Ruhulla Həsənzadə rəssamlıq, heykəltəraşlıq, illüstrasiya və konseptual incəsənət sahəsində geniş tanınan Azərbaycanın aparıcı gənc rəssamlarından biridir. Bakıda rəssam ailəsində dünyaya göz açan (1993) Ruhullada rəsmə həvəs yaranıb. 2005-ci ildə əsəri ilk dəfə ictimai sərgidə nümay iş etdiriləndə onun cəmi 12 yaşı vardı. Bir neçə ay sonra Ruhulla “XXI əsrin istedadları” adlı kitabda yer alır. 2018-ci ildən Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür və ilk əsərləri Belçika, Rusiya və Türkiyədə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir. Yerli və əcnəbi rəssamlarla işləyən Ruhulla İçərişəhərdə (Bakının YUNESKO siyahısında olan İçərişəhər) və məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunmuş bir sıra simpozium və layihələrdə iştirak edib.

Daha yeni sərgi əməkdaşlıqlarına 2014-cü ildə “Yarat”-ın təşkil etdiyi və Sabina Şıxlinskayanın kuratoru olduğu Milli İncəsənət Muzeyində sərgilənən “Muzeyə təcavüz” adlı layihədə “Neft borusu” adlı instalyasiyası daxildir. O, SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 20 illik yubileyi münasibətilə keçirilən “Art Energie – 20” sərgisində və Azərbaycan Milli İncəsənət Muzeyində “Art Rising”in açılış mərasimində iştirak edib.

2018-ci il dekabrın 17-də Bakı Müasir İncəsənət Mərkəzində onun “RUH” adlı sonuncu sərgisi açılıb.

2019-cu ildə o, Fransız ətir brendi Martin Micallef ilə “art kolleksiyası” seriyası üzərində işləməyə başladı. 2020-ci ilin iyun ayından etibarən rəssamın Martin Micallef və Ruh Zadeh adı altında ətir üzərindəki əl işinin məhdud sayda satışa çıxarılıb.

“Metamorfik bağlar:70/30” adlı sərgidə rəssam-heykəltaraş İbrahim Həsənovun 22 müasir heykəli və 28 rəngkarlıq əsəri, Ruhulla Həsənzadənin 30-35 ədəd rəngkarlıq nümunəsi nümayiş etdiriləcək. Sərgidə ümumilikdə 65-ə yaxın rəngkarlıq, 22 ədəd heykəltaraşlıq nümunəsi nümayiş etdiriləcək.

Ekspozisiyanın iş saatları: 16 – 19 dekabr, 10.00-dan 18.00-dək (giriş sərbəstdir)