Nərgiz Quliyevanın “Rənglərdə yaşayan ömür” adlı fərdi sərgisi

Sərgi Qalereyası
01.12.2023 - 05.12.2023

Beynəlxalq müsabiqələr laureatı, Rəssamlar İttifaqının üzvü, ölkəmizin gənc rəssamları sırasında öz dəst xətti ilə seçilən Nərgiz Quliyeva təsviri sənət sevərləri qarşısına yeni sərgisi ilə gəlir. 1-5 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatı dəstəyi ilə Dövlət Muzey Mərgəzinin Sərgi Salonunda gerçəkləşəcək “Rənglərdə yaşayan ömür” fərdi sərgisi Nərgiz Quliyevanın sayca Azərbaycanda keçilərəcək üçüncü ekspozisiyasıdır.Ölkə daxilindəki aktiv fəaliyyəti ilə bərabər Nərgiz Quliyevanın dünya ölkələrindəki çox saylı layihələri də hər zaman diqqət cəlb etmişdir. Parisin Luvr, Dubay Art Fair, İstanbulda “NishArt”, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi və “Alma Gallery”, Macarıstanda Türksoy Həftəsi (Petöfinin 200-lik yubileyi), Mədəniyyət Nazirliyinin Şuşada keçirdiyi Art Camp (avqust 2022), Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyanın mötəbər salonlarda keçirilən sərgilərdə uğurlu iştirakı xüsusi diqqət cəlb etmişdir. Rəhbəri olduğu “Nargiz Art Studionun” Macarıstan və Mərakeş Səfirliyi ilə bərabər keçirdiyi müsabiqə-sərgilər də son dövrlərin önəmli yaradıcı hadisələri kimi yadda qalmışdır.

1 Dekabr saat 18:00-da açılışı baş tutacaq fərdi sərgi bu ilin əsas əlamətdar tarixi kimi qeyd olunan Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur. Milli Məclisin Mədəniyyət Komitəsinin keçmiş sədri, vaxtsız dünyasını dəyişmiş Qənira Paşayevanın təşəbbüsü və ideyalarından ilhamlanaraq keçirilən sərgidə onun vətənpərvər ruhlu düşüncülərinin əks sədası duyulmaqdadır. Sərgidə Nərgiz Quliyevanın son illərdə Ulu Öndərin həyat və fəaliyyətdən ilhamlanaraq yaratdığı yeni əsərlərin təqdimatı ilə bərabər “Nargiz Art Studioda” təhsil alan yeniyetmə və gənc rəssamların 40 yaxın əsərinin nümayişi də nəzərdə tutulub.

Sərginin açılışı: 1 dekabr, 2023 / Saat 18:00 (giriş dəvətnamə ilə)
Sərginin iş rejimi: 02 – 05 dekabr saat 10:00 – 18:00 (giriş sərbəstdir)