Gənc və həvəskər rəssam Aytən Qocayevanın “İkinci Mən” adlı fərdi sərgisi

Sərgi Qalereyası
18.02.2023

Gənc rəssam Aytən Qocayevanın rəssamlıq dünyası

İncəsənət iki sözün birləşməsindən əmələ gəlib: “incə” və “sənət”. Deməli bu sənət özündə incəliyi, zərifliyi, gözəlliyi ehtiva edir. Necə? Müxtəlif üsullarla: qranit daş parçasını yonmaq yolu ilə - heykəllər, karandaşla rəsm çəkmək yolu ilə - rəsmlər, rənglərlə boyamaq yolu ilə - tablolar yaranır. Təsviri sənətin bəlkə də ən maraqlı sahələrindən biri rəngkarlıq və ya boyakarlıq adlanır. Haqqında bəhs etdiyimiz qəhrəmanımız məhz təsviri sənətin rəngkarlıq sahəsində fəaliyyət göstərir. Onun bir sıra rəngkarlıq tabloları vardır ki, onlara tamaşa edəndə rəssamın nə dərəcədə həyatı sevdiyini, təbiətin vurğunu olduğunu, özünün daxili dünyasını, nikbin əhvali – ruhiyyəsini rənglərlə təcəssüm etmək qabiliyyətinə malik olduğunu duymuş olursan. Bu tablolara tamaşa edərkən insanda suallar yaranır: Bu rəssamın adı nədir, harada rəssamlıq təhsili alıb, müəllimi kim olub?

Aytən Canəli qızı Qocayeva (22.03.1989) Bakı şəhərində dünyaya göz açıb. Sabunçu rayonun Bakıxanov qəsəbəsində yerləşən İlqar Əliyev adına 96 saylı orta məktəbdə oxuyub. Hələ orta məktəb yaşlarından onda rəssamlığa sonsuz sevgi yaranıb. Lakin o, ali təhsilini tibb sahəsində davam etdirməyə qərar verib. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi kafedrasında təhsil almasına baxmayaraq, Aytən Qocayeva ali məktəb illərində də rəssamlıqla mütəmadi məşğul olub. Beləliklə, Aytən Qocayeva Respublika İncəsənət Gimnaziyasında tanınmış rəssam Əsgər Əsgərovdan bu sənətin incəliklərini öyrənib. O, bu gün də müəllimi 2020-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmiş Leyla Rəşidovadan rəssamlığın sirrlərini öyrənməkdədir.

2012-ci ildə Tibb Universitetində təşkil olunan “Təbib rəssam” adlı sərgidə öz yaradıcılıq nümunələri ilə iştirak edən Aytən Qocayeva 23 nəfər iştirakçı arasında birinci yerə layiq görülərək, diplomla mükafatlandırılıb. 2012-ci ildə Tibb Universitetini bitirən Aytən Qocayeva Milli Onkologiya Mərkəzində rezidentura təhsili alıb (2015-2020). 2020-2022-ci illərdə Milli Onkologiya Mərkəzində həkim-onkoloq işləyən Aytən Qocayeva 2022-ci ildən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Hərbi – Tibb Baş İdarəsinin Hərbi Hospitalında işləyir. Təbib – rəssam Aytən Qocayevanın yaradıcılıq aləmi ilə tanış olanda Xalq şairi Rəsul Rzanın “Ağ rəng” adlı şeri yada düşür:
Yuxulu körpənin təbəssümü.
Ümid.
Təmənnasız yaxşılıq.
“Sizdə xərçəng yoxdur”
sözlərinin deyildiyi dəqiqə.
insan səadətinə səbəb olan hər şey...
hətta,
təsəlli üçün deyilmiş yalan.
Bir də insan ülfəti!

Göründüyü kimi Aytən Qocayeva peşəkar həkimdir. İnsanların sağlamlığının keşiyində dayanır. Lakin o, insanların cismani sağlamlığı ilə bərabər həm də mənəvi ruhi sağlamlığının da qayğısına qalmağı düşünür. Bununla əlaqədar olaraq o, mütəmadi rəssamlıqla məşğul olur, ərsəyə gətirdiyi sənət tabloları ilə bunu sübut edir. Aytən Qocayevanın sənət nümunələrinə baxanda, onları seyr edəndə tamaşaçıda xoş duyğular yaranır. Rəssamın tabloları insana müsbət impuls verir. Aytən Qocayeva yaradıcılığında daha çox ülviliyə, mənəvi saflığa, ruhi sakitliyə, lirik hisslərə köklənib. O, çalışır ki, onun bədii təxəyyülündən, yaradıcı rəssam müşahidələrindən əldə etdiyi bədii görüntüləri rənglərin dili ilə kətan üzərində canlandıraraq, başqalarına da göstərə bilsin. Fikirimcə rəssam öz istəyinə nail ola bilib. Aytən Qocayevanın bədii yaradıcılıq nümunələri güclü estetik təsir qüvvəsinə malikdir. Kətanda canlandırılmış məkan, təbiət mənzərələri - dağ, meşə, dəniz, ağac, körpü, ev, qayıq təsvirləri öz natural keyfiyyətlərini özündə qaruyub saxlamaqla yanaşı həm də rəsssamın fərdi görüm-duyum, yaradıcı təxəyyülündən süzülərək sanki ayrı biçimdə, kətanda fırça ilə ecazkar rənglərin ahəngi ilə “sığallana-sığallana” yaradılıb. Bu baxımdan rəssam yaradıcı daxili məni ilə özünün yaradıcılıq potensialını göstərməyə, təcəssüm etməyə çalışır. Aytən Qocayevanın bir çox maraqlı mənzərə nümunələrinin müəllifi olduğunu artıq vurğuladıq. O, həm də diqqəti cəlb edən natürmortlar müəllifidir. Rəssamın yaratmış olduğu natürmort nümunələrində Azərbaycan təbiətinin yetirdiyi nemətlər – nar, heyva, alma, əlvan güllərin təsviri şamdan və ya qədim xalça fonunda incə zövqlə öz orjinal bədii həllini tapıb.

Aytən Qocayeva yaradıcılıq aləminə təzə qədəm basmış gənc rəssamdır. Onun yaradıcılıq nümunələrini gözdən keçirib, təhlil etdikdə inanırsan ki, Aytən Qocayeva gələcəkdə daha çox uğurlara nail olacaqdır. Çünki onun yaradıcılıq həvəsi və fərdi rəssamlıq qabiliyyəti buna imkan verir. Onun özünəməxsus duyumu və yaradıcılıq nümunələrində icra etdiyi rəng həlli rəssamın gözəl kolorit bacarığına malik olmasından xəbər verir.

Muzey Mərkəzinin Sərgi qalereyasında Aytən Qocayevaın yaradıcılıq dünyasını əks etdirən sənət nümunələrindən ibarət fərdi sərgisi təşkil olunacaqdır. Bu rəssam üçün yaradıcılıq hesabatıdır. İnanıram ki, gənc istedadlı təbib – rəssam Aytən Qocayeva bu yaradıcılıq imtahanından müvəffəqiyyətlə çıxacaqdır. Aytən Qocayevanı hələ gələcəkdə yeni yaradıcılıq uğurları gözləyir.

Əsəd Quliyev
Sənətşünas,
Azərbaycan Rəssamlar İttifaqının üzvü