Azərbaycanın tanınmış kino-operatoru Xan Babayevin 90 illiyinə həsr olunmuş kino-gecə

31.10.2009

Akt zalı
Təşkilatçılar: Dövlət Film Fondu

30 oktyabr, 2009-cu ildə Muzey Mərkəzinin Akt zalında Azərbaycanın görkəmli kinooperatoru Xan Yusif oğlu Babayevin 90 illiyi münasibətilə kino-gecə keçirilmişdir. Xan Yusif oğlu Babayev 1919-cu ildə Lənkəran rayonunda həkim ailəsində dünyaya göz açmış, Azərbaycan Dövlət Politexnik Texnikumunda təhsil almışdır. 1938-ci ildə ÜDKİ-nin operatorluq fakültəsinə daxil olmuşdur. Lakin Böyük Vətən müharibəsi başlanandan sonra cəbhəyə getmiş, onun döyüş yolu Almaniyada başa çatmışdır. Cəbhələrdə göstərdiyi igidliklərə görə orden və medallarla təltif olunmuşdur.
X.Babayev 1950-ci ildə institutu bitirib, Bakı kinostudiyasında fəaliyyətini davam etdirmişdir. O, «Qara Daşlar» (Ə.İsmayılovla birgə), «Ögey ana», «Böyük dayaq» və «Yenilməz batalyon» (R.İsmayılovla birgə) bədii filmlərinin quruluşçu operatoru olmuşdur. Bundan başqa görkəmli sənətkar bir sıra sənədli filmlər də çəkmişdir. Onların arasında «Çağırışa cavab» (1947, T.Axundovla birgə), «Yeni həyat qurucuları» (1949), «Gədəbəyin sərvəti» (1950, K.Həsənovla birgə), «Respublika stadionu» (1951), «Neft kəşfiyyatçıları» (1952), «Səadət və əmək mahnıları» (1957) sənədli filmlərini çəkmişdir.
X.Babayev operator qrupu ilə birgə «Doğma xalqımıza» - ilk rəngli bədii-sənədli filmini yaratmışdır.
X.Babayev şair təbiətli operator, kinematoqrafda təbiətin tərənnümçüsü olmuşdur.